"Real sektora daha çox kredit verilməlidir" - Vüqar Bayramov

 10:45 18.10.2019     556

Bankların cəlb etdiyi vəsaitlər nəzdində istehlak kreditlərinin payında artımlar var".

Bunu iqtisadçı-ekspert Vüqar Bayramov banklarda istehlak kreditlərinin artmasından danışarkən deyib.

Onun sözlərinə görə, bu gün bankların təklif etdiyi kreditlərin təxminən yarısı istehlak kreditləridir: 

“13,8 milyard manat kredit portfelində hər yüz manat kreditin əlli manatı istehlakçı üçün verilir. İstehsal üçün verilən kreditlərin həcmi ümumi kredit portfelinin cəmi 9 faizini təşkil edir. Bunlar göstərir ki, banklarda istehlak kreditləşməsi davam edir. Real sektora yönəldilən kreditlərin həcmi aşağı olaraq qalır”.

V. Bayramov bildirib ki, real sektora kreditlərin verilməsi üçün bankların təşviqi həyata keçirilməlidir:

“Bankların bu istiqamətdə təşviq edilməsi çox vacibdir. Xüsusən, Yaponiya modelində olduğu kimi, daha çox real sektora kredit verən kommersiya banklarının, həm  aşağı faizli kreditlərin iş imkanlarının artırılması mümkündür. Təbii ki, kommersiya bankları özəldir, onları real sektora kreditlərin verilməsini məcburi deyil, təşviq etmək mümkündür. Mövcud statistika göstərir ki, banklar ancaq istehlak kreditləşməsinə meyillidirlər.

İstehlak kreditlərinin faiz dərəcələri kifayət qədər yüksəkdir. Ümumilikdə, kreditlərin faiz dərəcəsinin də 22-29% intervalında  dəyişdiyini nəzərə alsaq, istehlak kreditləri də kifayət qədər bahalı kreditlərdir. Kommersiya bankları krediti daha çox real sektora yönəldilməsinə ehtiyac var. Ona görə də bizim əsas təklifimiz real sektora daha çox kreditin verilməsidir. Burada yalnız bank sektoru deyil, həm də real sektorun maliyyə təminatı məsələsidir".

Qeyd edək ki, bir neçə gün öncə baş tutan müşavirədə Prezident İlham Əliyev istehlak kreditlərinin artmasından danışıb:

“Bank sektoru bizdə iqtisadiyyatın artımına, iqtisadiyyatın real sektorunun artımına o qədər də kömək göstərmir və son illərdə yenə də istehlak kreditlərinin həcmi artır. Mən əvvəlki illərdə bunu demişəm ki, bizim portfelimizdə istehlak kreditləri üstünlük təşkil edir və bank sektorunun böhranının səbəblərindən biri də məhz o idi. İndi də mənə məlumat verilir ki, yenə də bu meyllər artır, iqtisadiyyatın real sektoruna yox, yenə də istehlaka, yəni, istehlak mallarının alınmasına kreditlər verilir”.

Nihadə Eyyubova / Redaktor.az