"İsrafil Hüseynov" gəmisi "Şahdəniz"də işləri bitirməyə hazırlaşır

 12:43 29.10.2019     440

Təmirdə çıxan “İsrafil Hüseynov” borudüzən gəmisi noyabrın sonunadək Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsi layihəsi çərçivəsində işlərini bitirəcək.

Bunu Azərbaycanın neft-qaz sektorundakı etibarlı mənbə deyib.

Qeyd edək ki, bu ilin mayın 8-də “Şahdəniz-2” layihəsi çərçivəsində İtaliyanın “Saipem” şirkətinin Xəzər dənizində boru düzmək üçün istifadə etdiyi “İsrafil Hüseynov” borudüzən gəmisində partlayış baş vermişdi. Hadisədən sonra gəmi təmirə göndərilib. Bu da “Saipem”in həm “Şahdəniz-2”, həm də “Abşeron” qaz-kondensat yatağında işlərin ləngiməsinə səbəb olub.

Mənbənin sözlərinə görə, gəmi işlərini bərpa edib və hazırda “Şahdəniz”də sualtı əməliyyatlarını davam etdirir.

“Bu cür planlaşdırılmamış vəziyyətlər hər zaman baş verə bilər. Əsas odur ki, hazırda gəmi işlək vəziyyətə gətirilib və “Saipem” öz öhdəliklərini yerinə yetirməkdədir. “Şahdəniz”də işlərin gələn ayın axırına kimi yekunlaşacağı gözlənilir”, - deyə mənbə əlavə edib.

Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında “Şahdəniz” yatağından 12,17 mlrd. kubmetrə yaxın qaz hasil edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 35,2% çoxdur. Bu ilin III rübündə yataqda 3,79 mlrd. kubmetr qaz hasil edilib ki, bu da illik ifadədə 23,6%-lik artım deməkdir.

Bundan başqa, bu ilin ilk doqquz ayında “Şahdəniz”də qaz kondensatının hasilatı 31,3% artaraq 2,58 mln ton təşkil edib. İlin III rübündə isə yataqda 793,2 min ton kondensat istehsal edilib (17,2% artım). 

“Şahdəniz”də qaz və kondensat hasilatının artması yatağın işlənməsinin ikinci mərhələsinin işə salınması ilə birbaşa əlaqəlidir.

"Şahdəniz" yatağı üzrə pay bölgüsü haqqında saziş 1996-cı ildə imzalanıb və ratifikasiya edilib. Layihədə BP (operator – 28,8%), AzSD (10%), "SGC Upstream" (6,7%), "Petronas" (15,5%), "Lukoil" (10%), NICO (10%) və TPAO (19%) şirkətləri iştirak edir.

Azərbaycan Energetika Naziri Pərviz Şahbazovun öncə səsləndirdiyi sözlərə görə, "Şahdəniz" yatağından qaz hasilatının 2018-ci illə müqayisədə bu il 6 mlrd. kubmetr, gələn il 8,5 mlrd. kubmetr artacağı, 2021-ci ildə isə 12 mlrd. kubmetrdən çox artaraq 23 mlrd. kubmetri ötəcəyi gözlənilir.//Apa.az