Rəqabət Məcəlləsi qəbul olunarsa, NƏ BAŞ VERƏCƏK? - TƏHLİL

 15:11 01.11.2019     927

Rəqabət Məcəlləsi Milli Məclisdə bir neçə il əvvəl müzakirə olunub, iki oxunuşdan keçsə də, üçüncü oxunuşda müzakirə olunaraq qəbul edilməyib. İllərdir qəbul olunmayan bu qanunun yaxın aylar ərzində qəbul edilməsi gözlənilir.

“Rəqabət Məcəlləsinın qəbul edilməsiylə bağlı artıq qərar qəbul edilib. Cənab Prezident məsələni Strateji Yol Xəritəsinə salıb”.

Bu sözləri Redaktor.az-a açıqlamasında millət vəkili Vahid Əhmədov bildirib.

Onun sözlərinə görə, mümkün olarsa, bu ilin payız sessiyası, olmasa da 2020-ci ilin yaz sessiyasında  məcəllə mütləq qəbul ediləcək:

“Rəqabət Məcəlləsi qəbul olunandan sonra inhisarçılığa son qoyulacaq. Bazarda müəyyən qədər monopoliya azalacaq. 100% həll olunmayacaq, bunun üçün vaxt lazımdır, amma azad rəqabətə müəyyən qədər şərait yaradacaq. Məcəllənin qəbulunun müsbət təsirləri olacaq”.

İqtisadçı İlham Əzizov Redaktor.az-a açıqlamasında əlavə edib ki, bu məcəllənin qəbul edilməməsi ölkəmizin beynəlxalq reytinqinin aşağı olmasına gətirib çıxarır. Rəqabət Məcəlləsinin qəbul edilməməsi həm də kölgə iqtisadiyyatının artmasına səbəb olur.

Maraqlıdır, bu məcəllənin məqsədi nədir?

İqtisadçı qeyd edir ki, sahibkarlıq fəaliyyətinin hayata keçirilməsi, ədalətli qiymətqoyma, geniş əmtəə və xidmət seçimi, qiymətlərin bazarda tələb və təklifin sərbəst qarşılıqlı əlaqəsi vasitəsilə formalaşması, dövlətin rəqabətli bazarlara məhdud müdaxiləsi, ictimai maraq kimi iqtisadi rəqabətin inkişafı və qorunması kimi əsas prinsiplər burada əks olunur.

Bununla yanaşı, layihə qəbul edilərsə, rəqabətin məhdudlaşdırılması, təmərküzləşmə, öhdəlik, sanksiyalar və s. məsələlər öz həllin tapacaq,- deyə İlham Əzizov bildirib.

Bir sözlə desək, bu məcəllənin qəbulu kiçik və orta sahibkarlığın inkişafına ciddi təsir edəcək.

Xəyalə Məmmədova / REDAKTOR.AZ