"Uşaq yeməklərinə VERGİ GÜZƏŞTİ olmalıdır" - AÇIQLAMA

 20:16 12.11.2019     423

Xəbər verdiyimiz kimi, iqtisadiyyat naziri Mikayıl Cabbarov Vergi Məcəlləsində dəyişikliklərin əsas istiqamətlərini açıqlayıb.

Redaktor.az xəbər verir ki, nazir dəyişikliklərin yeddi əsas istiqaməti əhatə etdiyini deyib:

“Vergi Məcəlləsinə dəyişikliklər edilməsi haqqında qanun layihəsi 164 dəyişiklikdən ibarətdir. Bu, əsasən, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergitutuma metodunun ləğv edilməsi və həmin şəxslərin vahid vergi rejimində fəaliyyət göstərməsinin təmin edilməsi (ƏDV və mənfəət vergisi metodu), Transmilli Şirkətlər Qrupu anlayışının müəyyən olunması ilə bağlıdır.

Həmçinin, quş əti satışının ƏDV-dən azadolma müddətinin daha dörd il müddətinə uzadılması, habelə heyvan ətinin satışının dörd il ərzində ƏDV-dən azad edilməsi ilə bağlı müddəalardır”, - deyə M.Cabbarov əlavə edib.

Tanınmış iqtisadçı Natiq Cəfərli hesab edir ki, tez-tez Vergi Məcəlləsinə dəyişiklik edilməsi doğru deyil. Bu, sahibkarlar, xarici investorlar arasında çaşqınlıq yaradır:

“Bilirsiniz, bu dəyişikliklə birlikdə 2016-cı ildən Vergi Məcəlləsi üç dəfə dəyişdiriləcək. Ümumlikdə isə 450-yə yaxın maddə və alt maddə dəyişdiriləcək. Bu, yaxşı hal deyil”.

Natiq Cəfərli əlavə edib ki, hazırda mövcud olan 11 vergi növü çoxdur:

“Mən dəfələrlə demişəm ki, Azərbaycanda vergi mədəniyyətini formalaşdırmaq üçün vətəndaşlar ödədiyi vergini itirilmiş pul saymamalıdırlar. İnkişaf etmiş ölkələrdə insanlar ödədiyi verginin qarşılığında xidmət alır. Məhəlləsi təmiz olur, yüksək səhiyyə və təhsil xidmətləri görür, şəhər nəqliyyatı yaxşı işləyir, kommunal xidmətlər daha ucuz olur.  Bu baxımdan ölkəmizdə də sadələşdirilmiş vergi sisteminə ehtiyac var. Sadələşdirilmiş vergi dövriyyəsi artırılmalıdır. Azərbaycanda iki devalvasiyadan sonra sadələşdirilmiş verginin dövriyyəsi dəyişməyib. Çox sadə şəkildə vergi ödənilməsi üçün şərait yaradılmalıdır. İş adamları yalnız dövriyyəyə görə vergi ödəməlidir. Sadələşdirlmiş verginin dövriyyəsi 1 milyon manata qaldırılmalıdır. Həmçinin, vergi ödəməsi standard olmalıdır, diferensiyal yox. Amma 1 milyon manatdan 10 milyon manata qədər dövriyyəsi olan vergi ödəyicilərinə diferensial yanaşmaq olar. Xidmət sahələrindən daha çox vergi almaq mümkündür. Məsələn, restoran-kafelərdə 10 faiz, tikintidə 5 faiz vergi ola bilər. Lakin istehsal sahəsində 1 faiz həcmində vergi olsa daha yaxşıdır. 10 milyondan 100 milyon manata qədər dövriyyəsi olanlara isə başqa vergi dərəcəsi tətbiq edilə bilər. 
Hazırda Azərbaycanda 11 vergi növü var ki, bu, çox qarışıqlıq yaradır. Bu vergi növləri həddindən artıq sadələşdirilməli, ancaq dövriyyəyə görə vergi alınmalıdır”. 

İqtisadçının sözlərinə görə, ƏDV ilə bağlı dəyişikliklərdə də daha yaxşı sistem tətbiq etmək olar:

“ƏDV daha çox ölkəyə gətirilən məhsullara aiddir. Nə qədər qəribə olsa da, bu vergini rüsum halında Dövlət Gömrük Komitəsi alır. Bu növ vergi güzəşti daha çox ölkədə istehsal edilməyən, itxal məhsullarına aid edilməlidir. Məsələn, Azərbaycanda uşaq yeməklərinə ƏDV tətbiq edilir. Sual verirəm ki, ölkəmizdə uşaq yeməkləri istehsal edilir, bu məhsuldan vergi almağa nə ehtiyac var? Hesab edirəm ki, sosial yönümlü məhsullarda həm gömrük rüsümları, həm də vergi güzəştləri olmalıdır. Bu baxımdam Dövlət Gömrük Komitəsi də Vergilər Nazirliyinin tərkibində olamlıdır ki, həm gömrük rüsümlarında, həm də vergidə kordinasiya olsun”.

Oral Mədənçi / Redaktor.az