Azərbaycan istilik effekti yaradan qazların emissiyalarını 35% azaldacaq

 14:23 15.11.2019     294

Azərbaycan 2030-cu ilə istilik effekti yaradan qazların emissiyalarını 35% azaldacaq.

Energetika Nazirliyindən Redaktor.az-a verilən məlumata görə, bu barədə Energetika naziri Pərviz Şahbazov Qazaxıstanın Almatı şəhərində keçirilən Dayanıqlı İnkişaf Məqsədləri üzrə “Dayanıqlı İnkişaf Məqsədlərinin tətbiqi üçün maliyyə vəsaitlərinin səfərbər edilməsi” adlı ilk regional sammit zamanı söyləyib.

Onun sözlərinə görə, ölkə 2030-cu ilə ümumi elektrik enerjisi istehsalı gücündə bərpa olunan enerji mənbələrinin payını 30%-dək artırmağa planlaşdırır.

Sammitin açılışında çıxış edən Energetika naziri Pərviz Şahbazov BMT-nin 2016-2030-cu illər üzrə təsdiqlənmiş 17 Dayanıqlı İnkişaf Məqsədi və 169 hədəfi üzrə Azərbaycanın həyata keçirdiyi uğurlu dövlət siyasətindən bəhs edib. Azərbaycanın milli inkişaf strategiyasnın Dayanıqlı İnkişaf Məqsədləri ilə üst-üstə düşdüyünü vurğulayan nazir bildirib ki, iqtisadi, sosial inkişafla bərabər, ekoloji tarazlığın gözlənilməsi, ətraf mühiti qorumaqla tərəqqi əsas məqsədlərdən biridir.

Nazir hazırda davamlı inkişaf modelinin yaradılması istiqamətində 11 sektoru əhatə edən 12 strateji yol xəritəsinin icra olunduğunu və həyata keçirilən dərin islahatlar kursunun ölkənin hərtərəfli və dayanıqlı inkişafına xidmət etdiyini qeyd edib: “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bəyan etdiyi kimi gələcəkdə iqtisadiyyatın daha da şaxələndirilməsi, iqtisadi islahatların davam etdirilməsi ölkəmizin dayanıqlı inkişafı üçün əlavə imkanlar yaradacaq. Ölkə Prezidentinin tapşırığına əsasən, hazırda bərpa olunan enerji sahəsini özəl, xarici investisiyanın cəlbi ilə inkişaf etdirmək, energetika sektorunda rəqabətə əsaslanan liberal bazar modelinə keçmək, enerji səmərəliliyinə nail olmaqla bağlı tədbirlər görülür. Bu tədbirlər Azərbaycanın 2030-cu ilə istilik effekti yaradan qazların emissiyalarını 35% azaltmasına və ümumi elektrik enerjisi istehsalı gücündə bərpa olunan enerji mənbələrinin payını 30%-dək artırmağa kömək etməklə yanaşı qlobal iqlim dəyişikliyi ilə bağlı məqsədə də töhfə verəcək”.

Energetika naziri, həmçinin “Strateji siyasətə dair dialoq: DİM-lərə çatmaq üçün düzgün yol seçmişikmi?” adlanan sessiyada panel müzakirələrə də qatılıb. Qeyd edək ki, Asiya İnkişaf Bankı (AİB) və BMT-nin İnkişaf Proqramının Qazaxıstan nümayəndəliklərinin dəstəyi ilə Qazaxıstanın Milli İqtisadiyyat Nazirliyi tərəfindən təşkil olunan sammitin məqsədi Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün resursların səfərbər edilməsi prosesində bütün maraqlı tərəflər arasında dialoqun yaradılmasıdır.