Azərbaycan bu il qeyri-neft sektoru üzrə ixracını 16% artırıb

 15:24 28.11.2019     305

Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanın ixracı 16,8 mlrd. ABŞ dolları təşkil edib və ötən ilin müvafiq dövrünə nisbətən 836,5 mln. dollar və ya 5,2% artıb.

Redaktor.az-ın xəbərinə görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Ramil Hüseyn deyib.

Onun sözlərinə görə, bu müddətdə qeyri-neft sektoru üzrə 1,573 mlrd. dollar dəyərində ixrac reallaşdırılıb. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin 10 ayında qeyri-neft sektoru üzrə ixrac 222 mln. dollar və ya 16,4% artıb. Bu ilin yanvar-oktyabr ayları ərzində Rusiyaya 533,9 mln. dollar, Türkiyəyə 324,6 mln. dollar, İsveçrəyə 147,7 mln. dollar, Gürcüstana 131,5 mln. dollar və Ukraynaya 39,8 mln. dollar dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

"2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin 10 ayında Rusiyaya qeyri-neft ixracı 14%, Türkiyəyə 10%, İsveçrəyə 29%, Gürcüstana 23% və Ukraynaya 38% artıb", - deyə R. Hüseyn qeyd edib.

O əlavə olaraq bildirib ki, 2019-cu ilin yanvar-oktyabr ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında isə pomidor (147,6 mln. dollar) liderliyini qoruyub. Bu siyahıda qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda – 142,1 mln. dollar) ikinci və qabığı təmizlənmiş meşə fındığı (100,1 mln. dollar) üçüncü yerdə qərarlaşıb.   

Ümumiyyətlə, hesabat dövründə meyvə-tərəvəz ixracı 455,5 mln. dollar, plastmas və onlardan hazırlanan məmulatların ixracı 161,2 mln. dollar, alüminium və ondan hazırlanan məmulatların ixracı 106,9 mln. dollar, pambıq lifi ixracı 91,8 mln. dollar, kimya sənayesi məhsullarının ixracı 86,6 mln. dollar, elektrik enerjisinin ixracı 62,9 mln. dollar, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 50,9 mln. dollar, pambıq ipliyi ixracı 24,5 mln. dollar, şəkər ixracı 24,2 mln. dollar, alkoqollu və alkoqolsuz içkilərin ixracı 21,4 mln. dollar təşkil edib.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-oktyabr aylarında alkoqollu və alkoqolsuz içkilərin ixracı 62%, plastmas və onlardan hazırlanan məmulatların ixracı 56%, pambıq lifinin ixracı 42%, kimya sənayesi məhsullarının ixracı 36%, pambıq ipliyinin ixracı 28%, meyvə-tərəvəzin ixracı 12%, şəkər ixracı 10%, elektrik enerjisi 6% artıb.  

Bu ilin oktyabr ayında isə qeyri-neft sektoru üzrə ixrac 160 mln. dollar təşkil edib. 2018-ci ilin oktyabr ayı ilə müqayisədə 2019-cu ildə qeyri-neft sektoru üzrə ixrac 16 mln. dollar və ya 11% artıb. Bu ilin oktyabr ayında qeyri neft-qaz məhsulları üzrə ən çox mal Rusiyaya (68,3 mln. dollar), İsveçrəyə (22,4 mln. dollar), Türkiyəyə (20,6 mln. dollar), Gürcüstana (8,3 mln. dollar) və Ukraynaya (7 mln. dollar) ixrac edilib.

Ötən ay qeyri-neft sektoru üzrə ixracda xurma (27,1 mln. dollar) birinci, qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda – 21,4 mln. dollar) ikinci, qabığı təmizlənmiş meşə fındığı (10,7 mln. dollar) üçüncü olub.//Apa.az