Tədiyə balansının müsbət saldosu 4,2 mlrd. dollara çatıb

 18:07 13.12.2019     297

Azərbaycanın tədiyə balansının ümumi saldosu bu ilun yanvar-sentyabr aylarında 4 166,8 mln. ABŞ dolları təşkil edib.

Redaktor.az-ın Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi xəbərə görə, 2019-cu ilin 9 ayı üzrə tədiyə balansının ümumi profisiti həm neft qiymətinin yüksək olması, həm də Cari Əməliyyatlar Balansında yaranmış müsbət tendensiyalar hesabına formalaşıb.

Cari Əməliyyatlar Balansında yaranmış 4 mlrd. dollarlıq profisit ehtiyat aktivlərinin 4,2 mlrd. dollar artmasını şərtləndirib.

2019-cu ilin 9 ayı üzrə cari əməliyyatlar hesabının profisiti ötən ilin müvafiq dövrünə nəzərən 21.3% azalaraq 4 mlrd. dollar təşkil edib. Neft-qaz sektoru üzrə profisit 6,9% və ya 677 mln. dollar azalaraq 9,2 mlrd. dollar, qeyri-neft sektoru üzrə CƏB kəsiri isə 8,5% və ya 408 mln. dollar artaraq 5,2 mlrd. dollar məbləğində olub.

Nəticədə, cari əməliyyatlar hesabında neft-qaz sektorunun profisiti qeyri-neft sektorunun kəsirini tam örtüb. CƏB profisitinin əsas səbəbi xarici ticarət və təkrar gəlirlər balanslarında formalaşan profisitin xidmətlər və ilkin gəlirlər balanslarında yaranmış kəsiri tam örtməsi ilə əlaqədardır.//Apa.az