SOCAR gələn il "Ümid" yatağında yeni hasilat quyusu qazacaq

 15:37 25.12.2019     342

SOCAR gələn ilin fevral ayında Xəzərin Azərbaycan sektorunda yerləşən "Ümid" yatağında yeni quyunun qazılmasına start verməyi planlaşdırır.

Bunu SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib.

Onun sözlərinə görə, quyunun qazılması yataqda mövcud olan "Ümid-1" dəniz özülündən aparılacaq. Bu quyuda sutkada 1,5 mln. kubmetr qaz və 200 tondan çox kondensatın istehsalına nail olmaq planlaşdırılır.

"Yataqda qazma işləri bu günə qədər "SOCAR AQŞ" tərəfindən həyata keçirilib, lakin yeni quyu yatağın operatoru olan "Umid-Babek Operating Company"nin (UBOC) birbaşa nəzarəti altında qazılacaq", - deyə, İ. Əhmədov qeyd edib.

Qeyd edək ki, hazırda "Ümid" yatağında 3 quyu fəaliyyət göstərir.

Xatırladaq ki, "Ümid" yatağı 2010-cu ildə kəşf edilib. İlkin hesablamalara görə, yatağın ehtiyatı 200 mlrd. kubmetr qaz və 40 mln. ton kondensat həcmində qiymətləndirilir. “Ümid” yatağı 2012-ci ildə sənaye istismarına daxil edilib. 2017-ci il yanvarın 12-də “Ümid” yatağının və “Babək” perspektiv strukturunun daxil olduğu dəniz blokunun kəşfiyyatı və işlənməsi haqqında SOCAR-la “SOCAR Umid Oil and Gaz Ltd.” şirkəti arasında Risk Xidmət Sazişi imzalanıb. Bundan əlavə blokun kəşfiyyatı və işlənməsi üzrə neft-qaz əməliyyatlarının aparılması haqqında “SOCAR Umid Oil and Gas Ltd.” şirkəti və “Umid, Babek Exploration & Production” şirkəti arasında müqavilə imzalanıb.//Apa.az