Yaşayış evlərinin tikintisinə yönəldilən investisiyalar 12%-dən çox artıb

 17:53 26.12.2019     318

Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda yaşayış evlərinin tikintisinə 1 205,8 mln. manat sərmayə yönəldilib.

Redaktor.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, əvvəlki ilin eyni dövrü ilə müqayisədə vəsaitlərin həcmi 12,4% artıb. Beləliklə, 2019-cu ilin yanvar-noyabr ayları ərzində ölkə iqtisadiyyatına cəmi sərmayə qoyuluşunun 9,4%-i məhz bu sektorun payına düşüb.

Bu müddətdə məhsul istehsalı sahələrinə investisiya qoyuluşu illik müqayisədə 6,6% azalaraq 8 399,3 mln. manat, xidmət sahələrinə investisiya qoyuluşu isə 3,1% artaraq 3 181,8 mln. manat təşkil edib.

Qeyd edək ki, 2019-cu ilin yanvar-noyabr aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 12 786,9 mln. manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,8% az vəsait yönəldilib.