Banklarla bağlı ƏHALİYƏ VACİB XƏBƏR VAR - Plastik kartlarınızı...

 16:03 31.03.2020     3132

Koronavirus epidemiyasının ölkə ərazisində yayılmasının qarşısını almaq məqsədi ilə həyata keçirilən tədbirlər çərçivəsində bankların bir çoxu onlayn iş rejiminə keçiblər. Bəs,istifadə müddəti bitmiş plastik kartlar necə yenilənəcək? 

Məsələ ilə bağlı Redaktor.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, banklar indiki şəraitdə müştərilərinə yardımçı olmalıdırlar:

"Onlayn xidmətlər bir çox banklarda mövcuddur və çatdırılma xidməti də açıqdır. Banklar indiki şəraitdə müştərilərinə yardımçı olmalıdırlar. Kartlarla bağlı onlayn sifarişləri operativ qəbul etməli, mənzillərə çatdırılması ilə bağlı mexanizm fikirləşib qurmalıdırlar. Bu, elə də çətin deyil. Əhaliyə dəstək məqsədilə çatdırılma xərclərini banklar öz üzərinə götürə bilər".

Məsələnin həlli istiqamətində banklardan aldığımz cavablar isə belədir: 

“Kapital Bank” ASC: "Hazırda bütün filiallarımız adi qaydada fəaliyyət göstərir. Plastik kartların müddətini onlayn şəkildə uzatmaq mümkündür. Lakin kartı əldə etmək üçün filiala yaxınlaşmağınız mütləqdir. Hazırda çatdırılma xidməti yalnız 65 yaşdan yuxarı, yeni kart alan müştərilərimiz üçün nəzərdə tutulub".

“PAŞA Bank” ASC: "Bildirmək istərdik ki, "PAŞA Bank" ölkəmizdə koronavirus infeksiyasına (COVID-19) qarşı mübarizə tədbirlərinə dəstək məqsədilə istifadə müddəti bitən bütün növ kartların bitmə tarixini uzadıb. Aprelin 1-dən etibarən mart və aprel aylarında müddəti bitən kartlardan ölkə daxilində istifadə etmək mümkün olacaq".

Sevda Ulutau / Redaktor.az