Neftin ucuzlaşması dolları bahalaşdıra bilərmi? - MANATI NƏ GÖZLƏYİR?

 14:05 22.04.2020     1848

Nyu-Yorkun "Nymex" əmtəə birjasında WTI markalı ABŞ neftinin qiyməti tarixdə ilk dəfə olaraq mənfiyə düşüb. ABŞ neftinin bu qədər ucuzlaşmasının səbəbi anbarların dolması və şirkətlərin artıq həcmləri saxlaya bilməməsidir. Dünya bazarında Qərbi Texas neftinin (WTI - West Texas Intermediate) bir barelinin 1 ABŞ sentinə düşməsi, simvolik olaraq 0 dollar kimi qiymətləndirilib.

Məsələ ilə bağlı Redaktor.az-a danışan iqtisadçı ekspert  Fuad İbrahimov bildirib ki, neft bazarında problemlər hasilatçı ölkələr arasında danışıqlarda problemin yaranmasından sonra başlayıb:

"Koronavirus epidemiyası bütün dünya iqtisadiyyatına təsir etdi. Digər əmtəələrin də qiymətinə təsir etməklə neftin qiymətini iflic vəziyyətinə saldı. Lakin nəzərə almaq lazımdır ki, burda söhbət WTI markalı Texas neftindən gedir. Bunun  Azərbaycana birbaşa təsiri yoxdur. Bu məsələnin tənzimlənməsi və yaxud düzəlməsi ilə bağlı hamını müxtəlif suallar maraqlandırır. Pandemiya ilə bağlı şəffaf, çərçivəli informasiyalar olmadıqca, neftin qiymətində bazar fiaskosu yaşanmağa davam edəcək. Ona görə düzəlib-düzəlməyəcəyi ilə bağlı proqnoz vermək mümkün deyil".

Manat üçün narahatlıq yoxdur” –

İqtisadçı ekspert neftin qiymətinin ucuzlaşmasının bir sıra ölkələr üçün pozitiv məqam olduğunu da qeyd edib:

"Neftin qiymətinin aşağı düşməsindən yalnız neft ixrac edən ölkələr ziyan çəkəcək. Neftini satışa çıxararaq, iqtisadiyyatını formalaşdıran ölkələrə mənfi təsir göstərəcək. Türkiyə, Fransa, Almaniya, Şərqi Avropa  və s. kimi neft idxal edən bir sıra ölkələr üçün isə neftin qiymətinin enməsi onların iqtisadiyyatını stimullaşdırır və pozitiv rol oynayır."

Fuad İbrahimov neft qiymətlərinin Azərbaycan manatına mənfi təsirinin olacağını da istisna etməyib:

"Azərbaycan iqtisadiyyatının 90 %-i neftdən asılıdır. Belə olan halda neftin qiymətinin aşağı düşməsi, eyni zamanda hasilatın azalması birbaşa Azərbaycan manatına təsir etmiş olur. Hazırda hökumət bunu nə qədər saxlaya biləcək deyə bilmərəm, ancaq manat birmənalı olaraq təzyiq altındadır. Bu sadə bir düsturdur".  

Sevda Ulutau / Redaktor.az