Ərzaq məhsulları niyə bahalaşır? - EKSPERT RƏYİ

 11:06 16.05.2020     987

Dövlət Statistika Komitəsi Azərbaycanda bahalaşan və ucuzlaşan məhsulların siyahısı açıqlanıb. 2020-ci ilin aprelində əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma düyü, un, qarabaşaq, manna yarması, makaron məmulatları, mal, qoyun və toyuq əti, kolbasa məmulatları, sterilizə olunmuş üzlü süd, qatılaşdırılmış şəkərli süd və yoqurtun qiymətində müşahidə edilib.

İqtisadçı ekspert Natiq Cəfərli Redaktor.az-a açıqlamasında bildirib ki, qiymət artımının bir sıra obyektiv və subyektiv səbəbləri var:

"Obyektiv səbəb ondan ibarətdir ki, dünya iqtisadiyyatında baş verən proseslərin təsiri özünü göstərir. Məsələn, son zamanlar taxıl ixracında önəmli rol oynayan ölkələr ixracı azaltdı və ya bir müddət dayandırdı. Bu da taxıldan, undan alınan məmulatların qiymətinə təsir edib. Dünya bazarlarında bu cür məhsulların qiymətində 10 faizə yaxın artım müşahidə edilir. Bəzi ölkələr indiki pandemiya şəraitində daha çox qapanırlar və ərzaq məhsullarının ixracında müəyyən çətinliklər olur, daşınma xərcləri artır. Bunun nəticəsində də qiymətlər qalxır".

Natiq Cəfərli atasına görə üzr istədi: “Bu hərəkətinə görə atamdan ...

İqtisadçı ekspert qeyd edib ki, Azərbaycan üçün qiymət artımı əsasən subyektiv səbəblər nəticəsində meydana çıxır:

"Azərbaycanda həmişə qiymət artımının subyektiv səbəbləri də mövcud olur. Ölkədə pərakəndə satışı həyata keçirən on minlərlə oyunçu olduğu halda, yəni dükanlar, mağazalar, supermarketlərə, ümumlikdə ölkəyə mal gətirənlərin sayını barmaqla saymaq olar. Bu onu deməyə əsas verir ki, obyektiv tərəfləri anlamaq mümkündür, amma subyektiv tərəfləri aradan qaldırmaq, yəni qiymətlərin sövdələşmə yolu ilə artmasının qarşısını almaq üçün bazarda oyunçu sayının artırılmasına, rəqabətli mühitin daha da genişləndirilmsəinə şərait yaradılmalıdır. Rəqabətli mühit olmayacaqsa, ölkəyə mal və məhsulları barmaqla sayılacaq qədər iri şirkətlər gətirəcəksə, çox sadə yollarla öz aralarında razılaşaraq, müəyyən qiymət artımına gedə bilərlər. Subyektiv səbəblərin aradan qaldırılması yolu ilə qiymətlərin tənzimlənməsi mümkün olar. Rəqabət artdıqca qiymət özü iqtisadi əsaslarla, iqtisadi qanunlarla tənzimlənəcək".

Sevda Ulutau / Redaktor.az