DİQQƏT: Mərkəzi Bankdan dollar, avro və rus rublu ilə bağlı VACİB AÇIQLAMA

Bölgələrdə yaşayan vətəndaşlar xarici pul əskinası zədələndikdə müəyyən çətinliklərlə üzləşirlər. Belə ki, zədələnmiş pulu dəyişmək istədikdə, rayon mərkəzlərində olan bank filalları onları Mərkəzi Banka yönləndirirlər. Belə halda paytaxtdan uzaqda olan vətəndaşlar Mərkəzi Banka müraciət etmək üçün uzun yol qət etməli olurlar. Bu isə narahatlığa, eyni zamanda narazılığa səbəb olur.
Azərbaycan Mərkəzi Bankından (AMB) Redaktor.az-a bildirilib ki, AMB yalnız milli valyutanın dəyişdirilməsini həyata keçirir:
"Bildiyiniz kimi, Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin 1-ci hissəsinə müvafiq olaraq Azərbaycan Respublikasının pul vahidi manatdır və Mərkəzi Bank qanunvericiliyə əsasən emitent bank olaraq yalnız milli pul nişanlarının dəyişdirilməsini həyata keçirir. Mərkəzi Bank tərəfindən xarici valyutaların dəyişdirilməsi həyata keçirilmir. Eyni zamanda, “Bank sistemində pulların ekspertizasının təşkili və aparılması Qaydaları”nın 3.11-ci bandinə əsasən, müvəkkil banklar zədələnmiş xarici valyuta pul nişanlarını öz daxili prosedur qaydalarına müvafiq olaraq dəyişdirə bilərlər. Zədələnmiş xarici valyutanın dəyişdirilməsi üçün vətəndaşlar kommersiya banklarına müraciət edə bilərlər".
Qeyd edək ki, Azərbaycanda ən çox istifadə edilən xarici valyuta dollar, avro və rubldur.
Sevda Ulutau / Redaktor.az