Vergi ödəyicilərinə 135 mln. manatdan çox dəstək göstərilib

 20:02 01.06.2020     788

Azərbaycan İqtisadiyyat Nazirliyinə muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi üçün koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş 28 min 56 vergi ödəyicisi və maliyyə dəstəyi almaq üçün 112 min 565 fərdi (mikro) sahibkar, cəmi 140 min 621 vergi ödəyicisi müraciət edib.

Nazirlikdən Redaktor.az-a verilən məlumata görə, muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi çərçivəsində 257 min 522 işçini əhatə edən 28 min 56 sahibkarın müraciəti araşdırılaraq təsdiqlənib və ayrılacaq maliyyə vəsaitinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib. Digər vergi ödəyiciləri üzrə araşdırmalar davam edir.

İndiyədək təsdiq edilən müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 94,73 mln. manat, o cümlədən o cümlədən, 2-ci ay üzrə ödənilməsi nəzərdə tutulan vəsaitin həcmi 47,36 mln. manat təşkil edir. Mayın 31-nə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən 23 min 131 vergi ödəyicisinə 201 min 250 nəfər muzdlu işçinin əməkhaqqı üzrə 77,54 mln. manat vəsaitin köçürülməsi təmin edilib.

Fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi proqramı çərçivəsində 112 min 565 vergi ödəyicisindən müraciət daxil olub, 105 min 173 müraciət araşdırılaraq təsdiqlənib və maliyyə dəstəyinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib. Təsdiq edilən müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 60,20 mln. manat təşkil edir. Mayın 31-nə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən artıq 57,71 mln. manat vəsaitin 99 603 fərdi (mikro) sahibkarın bank hesablarına köçürülməsi təmin edilib.

Göründüyü kimi, mayın 31-nə pandemiyadan zərər çəkən vergi ödəyicilərinə 135 milyon 266 min manat məbləğində maliyyə dəstəyi göstərilib.