Dollar ucuzlaşır, neft bahalaşır - Rusiyadan ABŞ-a gizli zərbə...

 11:27 05.06.2020     3865

Son günlər dünya bazarında neftin qiymətinin artdığını müşahidə edirik. Proses artıq bir neçə gündür ki, yuxarıya doğru gedir. Bu gün açıqlanan məlumatlara görə, artıq dünya birjalarında neftin qiyməti 40,07 dollara, yüngül neftin bir bareli isə 37,60 dollara təklif olunur. Bəs, neftin qiymətinin anidən bahalaşmasına səbəb nədir?

Məsələ ilə bağlı Redaktor.az-a açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, neftin qiymətinin bahalaşmasının üç səbəbi var:

“Birinci səbəb OPEK+ anlaşması ilə bağlıdır. Deməli, OPEK + və Rusiya arasında ilkin razılaşmaya görə, may və iyun aylarında 9.7 milyon barel hasilatın azalması nəzərdə tutulmuşdu. İyun ayının sonu anlaşmanın bu hissəsi bitirdi. Bu həftə OPEK və Rusiya arsında növbəti görüş olacaq. Artıq görüşlə bağlı tərəflər arasında telefon danışığı da baş tutub. Görüşün əsas mövzusu 9.7 milyon barel azalmanı ilin sonuna qədər uzatmaqdır. İki gün əvvəl Səudiyyə bununla bağlı Rusiya tərəfinə müraciət etmişdi. Rusiya tərəfdən də buna pozitiv reaksiya gəldi. Bu xəbərin mediada yayılması neftin qiymətinə müsbət təsir göstərdi. Bununla da bir neçə aydan sonra neftin qiyməti 40 dolları keçdi.

İkinci səbəb isə dünya, əsasən də Avropa ölkələrində karantin rejimini kiafayət qədər yumşaldılmasıdır. Aviaşirkətlər də artıq açıqlama verirlər ki, bu ayın ortalarından və ya növbəti ayın birindən uçuşları bərpa edəcəklər. Təbii ki, aviaşirkətlərin fəaliyyətə başlaması istehlakı artırır ki, bu da neftin qiymətinə müsbət təsir edir.

Üçüncü səbəb isə dollar indeksinin düşməsi ilə əlaqədardır. Təxminən iki həftədir ki, dollar indeksində enmə müşahidə olunur. Hazırda dolların son indeks göstəricilərində 4 punkt azalma var. Dollar ucuzlaşdıqca, bu, neftə pozitiv təsir göstərir. Dünyada uzun illər belə bir formul var: ucuz dollar, daha baha neft".

İqtisadçı bildirib ki, bu qiymət artımın qalıcı və ya daha da yuxarı qalxması verilən qərarlaran və karantin rejimindən asılı olacaq:

“Qiymət artımın qalıcı və yadavamlı olması, OPEK-in və Rusiyanın verdiyi qərarlardan asılı olacaq. Bundan başqa, əgər dünyada pandemiyanın ikinci dalğası yaşanarsa, yenidən xüsusi karantin rejimi tətbiq olunacaqsa, əlbəttə ki, qiymətlər yenidən aşağı düşəcək”.

Mahir Ələkbərov / Redaktor.az