Bu il qəbul imtahanlarında test tapşırıqları daha asandır? - EKSPERT RƏYİ

 12:22 10.08.2020     1165

Müəllimlər və abituriyentlər buraxılış imtahanında təqdim edilən sualların çətinliyindən şikayət edirlər. Bu narazılıq əsasən riyaziyyat fənninə aiddir. Bildirirlər ki, Bakı ərazisində imtahan verənlər üçün riyaziyyat sualları çox çətin, rayonlarda isə asan olub. Müəllim və abituriyentlər qəbul imtahanında da bu halın baş verəcəyindən narahatdır. 

COVID-19 səbəbi ilə tədrisdə yaşanan məhdudiyyətlər nəzərə alınmalıdırmı? Daha çətin suallar əvəzinə, daha asan sualların verilməsi mümkündürmü?

Təhsil eksperti Kamran Əsədov Redaktor.az-a bildirib ki, tədris prosesinin uzunmüddətli dayandırılması şagirdlərin imtahan nəticələrinə ciddi şəkildə təsir göstərib: 

"Mart ayından etibarən tədris prosesinin dayanması şagirdlərin hazırlıq kursları və repititor fəaliyyətinin imkanlarından məhrum olması onların qəbul imtahanlarının nəticələrinə birbaşa təsir göstərib. DİM tərəfindən 10 iyundan etibarən keçirilən imtahanların 1-ci mərhələsinin nəticələrini təhlil edəndə də biz bunu gördük. Maksimum 300 bal toplamaq imkanı olan mərhələdə şagirdlər arsında maksimum nəticəni bir neçə nəfər göstərə bilib. Bunun bir neçə səbəbi var. Birincisi dərslərin mart ayından etibarən dayanması, hazırlıq kurslarının və repititor fəaliyyətinin qadağan edilməsi, şagirdlər üçün sınaq imtahanlarının keçirilməməsi, teledərs və virtual dərslərin əlçatan və keyfiyyətli olmaması. Digər tərəfdən isə şagirdlər 6 aydan çoxdur ki, ev şəraitindədirlər və psixoloji cəhətdən gərginlik yaşayırlar, bu da imtahanda özünü idarəetməyə çətinlik yaradır, diqqət pozğunluğuna səbəb olur".

Kamran Əsədov: -Yeni qərardan sonra təhsil sistemində nələr olacaq?

Təhsil eksperti qeyd edib ki, abituriyentlər 6 aydır ki, normal bilik əldə edə bilmirlər, buna baxmayaraq, indiyədək keçirilən imtahanlarda riyaziyyatdan verilən suallar çox çətin olub. Lakin test tapşırıqları müəyyən qədər sadələşdirilməlidir: 

"Təəssüf ki, indiyə qədər keçirilən imtahanlarda riyaziyyat fənnindən təqdim edilən test tapşırıqları kifayət qədər çətin idi. Ola bilər ki, normal vaxtda bu cür test tapşırıqlarının cavablandırılması mümkündür. Amma indiki şəraitdə mümkün deyil. Artıq imtahanın birinci mərhələsi başa çatıb və qarşıda ixtisas qrupları üzrə həlledici imtahan mərhələsi var. Qeyd edim ki, birinci mərhələdəki nəticədən asılı olmayaraq, ixtisas seçimini elektron ərizəsində qeyd edən bütün abituriyentlər ikinci mərhələyə buraxılırlar. Dövlət İmtahan Mərkəzi qəbul imtahanlarında mart ayından sonra keçirilməyən mövzulardan test tapşırıqları salınmayacaq deməklə işini bitmiş hesab etməməlidir. Bu il məhz pandemiya onların imtahan nəticələrinə ciddi təsir göstərəcək. Test tapşırıqlarında qarışıq, dolaşdırıcı, çaşdırıcı ifadə və üsullardan istifadə edilməməlidir".

Sevda Ulutau/Redaktor.az