"Əyani təhsilin bərpası arzuolunmaz nəticələrə gətirib çıxara bilər" - Deputatdan ÇAĞIRIŞ

 13:07 03.09.2021     754

Koronavirus pandemiyası Azərbaycanın təhsil sistemində də bir sıra problemlər yaradıb. İndi hər kəsi düşündürən bir sual var: Qarşıdan gələn növbəti tədris ilində ənənəvi təhsil bərpa olunacaq, yoxsa distant təhsil davam etdiriləcək?

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov yeni tədris ilinin başlanması ilə bağlı vəziyyətin təhlil olunduğunu deyib:

"Buna uyğun olaraq fəaliyyət istiqamətləri müəyyən ediləcək..Tədrisin bütün pillələri üzrə hansı tarixdə və formada təşkili ilə bağlı qəbul ediləcək qərarlara dair çox yaxın günlərdə ətraflı məlumat veriləcək”.

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Etibar Əliyevin sözlərinə görə, təhsil gənc nəslin formalaşması üçün mühüm və əvəzsiz vasitələrdən biridir:

Etibar Əliyev: -“Biz hələ distant təhsilə hazır deyilik”

"Təhsil müəssisələrinin fəaliyyətinin dayandırılması gənclərin istər savadlılıq, istərsə də mənəvi durumuna mənfi təsir göstərir. Lakin hazırda vətəndaşların sağlamlığı hər şeydən önəmlidir. Ənənəvi təhsilin tətbiqi bu sahədə arzuolunmaz nəticələrə gətirib çıxara bilər. Bu istiqamət üzrə məsafədən təhsil forması daha məqbuldur. Sanitar-epidemoloji vəziyyətdən asılı olaraq, tədricən ənənəvi təhsilə keçid mümkün ola bilər".

Deputat əlavə edib ki, distant təhsil məqsədyönümlü, metodik baxımdan təşkil olunmuş İKT alətlərindən istifadə olunmaqla daha yaxşı həyata keçirilməlidir.

Oral Mədənçi / Redaktor.az