Ali məktəblərdə dərslər oktyabrda başlayacaq? - Nazirlikdən REAKSİYA

 13:31 06.09.2021     447

Azərbaycanda yeni tədris ilinin nə zaman başlanacağı, təhsil müəssisələrinin dərsləri hansı formada təşkil edəcəyi hələ də açıqlanmayıb. Yeni qaydalar müəmmalı olduğu halda Təhsil Nazirliyi bununla bağlı açıqlama verməyə tələsmir, gözləməyi məsləhət görür.

Redaktor.az xəbər verir ki, 2021-2022-ci tədris ilinin başlamasına sayılı günlər qaldığı bir vaxtda ali məktəblərə qəbul olan abituriyentlər üçün qeydiyyat tarixinin açıqlanması tələbələr arasında çaşqınlıq yaradıb.

Belə ki, Azərbaycanda “Bilik günü” rəsmi olaraq 15 sentyabrda qeyd edilir, lakin Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlər üçün qeydiyyat tarixini 7-20 sentyabr olaraq müəyyənləşdirib.

DİM-in açıqlamasından sonra ali təhsil ocaqlarında dərslərə 15 sentyabrda deyil, oktyabrda start veriləcəyi bildirilir.

Beləliklə, qeydiyyat tarixi açıqlanandan sonra cəmiyyətdə ali təhsil müəssisələrində yeni dərs ilinin oktyabr ayında başlayacağı haqqında qəti fikir formalaşıb. Lakin bu barədə Təhsil Nazirliyi, müvafiq dövlət qurumları və ali təhsil müəssisələri tərəfindən hər hansı rəsmi mövqe səsləndirilməyib.

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov isə ali məktəblərdə tədrisin oktyabrda başlaması iddiasının doğru olmadığını deyib, lakin dərslərin nə vaxt başlayacağını açıqlamayıb. //Modern.az