Məktəblər bu tarixdə AÇILACAQ - QƏRAR

 14:17 07.09.2021     1020

Azərbaycanda təhsil əyani formaya qayıdır.

Redaktor.az-ın məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib.

Nazir bildirib ki, 22 sentyabr tarixindən etibarən I-IV siniflər, 29 sentyabr tarixindən isə V-IX siniflər əyani təhsilə başlayacaq.

Ali təhsil müəssisələri, kolleclər və digər təhsil müəssisələri də sentyabrın 29-dan açılacaq.

Qeyd edək ki, Azərbaycanda 2020-ci ilin martın 2-də Nazirlər Kabineti tərəfindən COVID-19 infeksiyasına yoluxma halının qarşısının alınması, ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin intensivləşdirilməsi məqsədilə tədrisin, təlim-tərbiyə prosesinin dayandırılması və bununla əlaqədar bütün tədbirlərin təxirə salınması barədə qərar qəbul edilmişdi.

Təhsilin fasiləsizliyini və davamlılığını təmin etmək məqsədilə Təhsil Nazirliyi tərəfindən təxirəsalınmadan yeni təşəbbüslərin reallaşdırılmasına başlandı. İlk növbədə əhatə dairəsinə görə ən geniş olan ümumi təhsil pilləsində teledərslərin təşkili ilə bağlı işlərə başlandı. Bu işlərin məntiqi davamı olaraq növbəti addım kimi, aprelin 2-dən "Virtual məktəb” layihəsinə start verildi, ölkənin ən iri milli onlayn platforması şagirdlərin istifadəsinə verildi.

Daha sonra isə epidemioloji vəziyyəti nəzərə alaraq dərslər pandemiya qaydalarına uyğun olaraq həm onlayn, həm də ənənəvi qaydada təşkil edildi.