Ali məktəblərdə mühazirələr onlayn keçirilə bilər - Nazirlikdən AÇIQLAMA

 15:53 17.09.2021     714

"Pandemiyanın davam etdiyini nəzərə alaraq ali təhsil müəssisələrində auditoriyalarda çox sayda tələbənin olmasının əleyhinəyik. Biz aidiyyəti ali təhsil müəssisələrinin təklif verməsini gözləyirik. Alternativlər universitet rəhbərlikləri ilə müzakirə olunur".

Redaktor.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elmi, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli deyib.

Şöbə müdirinin sözlərinə görə, təkliflər təxminən ondan ibarətdir ki, mühazirə dərslərində auditoriyada tələbələrin sayı çoxdursa bu halda həmin dərslər onlayn keçirilsin: "Yaxud da bir çox universitetlər təklif edir ki, təhsil növbəli şəkildə olsun. Belə olan halda onlar hesab edir ki, auditoriyada böyük kütlənin toplanmasının qarşısı alınacaq. Ona görə də bu işi böyük ehtimalla, təbii ki, Təhsil Nazirliyi ilə razılaşdırmaq şərti ilə universitetlərin öz öhdəsinə buraxacağıq ki, təklif etdikləri həll yollarını icra etsinlər".

O həmçinin xatırladıb ki, ali və orta ixtisas təhsil müəssisələrində ənənəvi tədrisin təşkili qaydaları ilə bağlı yaxın günlərdə Nazirlər Kabinetinin mövcud "Xüsusi karantin rejimi dövründə tədrisin təşkili ilə bağlı qərarına dəyişikliyin qəbul edilməsi gözlənilir.