Valideynlər uşaqlarını məktəbə göndərməkdən imtina edə bilərmi?

 13:17 23.09.2021     3131

Xəbər verdiyimiz kimi, Azərbaycanda distant təhsil tələbi ləğv edilib və əyani təhsilə keçid müəyyən edilib. Belə ki, bu, Nazirlər Kabineti "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”nda etdiyi dəyişikliklərə verdiyi izahda bildirilib.

Qeyd edilib ki, təhsil alanların dərslərdə əyani iştirakının könüllülük prinsipi əsasında olması ləğv edilib.

Bəs görəsən bu qərar kimlərə şamil edilir?

Mövzu ilə bağlı Redaktor.az-ın suallarını təhsil eksperti Kamran Əsədov cavablandırıb. O bildirib ki, qərar orta məktəblərə şamil olunur:

“22-29 sentyabrdan etibarən Azərbaycanda əyani dərslər bərpa edilir. Bu əsasən orta ümumtəhsil məktəblərinə aiddir. Ali təhsil müəssiələrində isə vəziyyət bir qədər fərqlidir. Sözügedən qərarda orta məktəblərdə distant təhsilin ləğvindən söhbət gedir. Pandemiya dövründə 2020-ci ilin martın 3-dən etibarən təhsil alma formalarından biri kimi seçdiyimiz distant təhil forması məcburiyyətdən irəli gəlirdi”.

Ekspert bildirib ki, daha əvvəl verilən qərarda üst-üstə düşməyən məqamlar var idi: “Belə ki, valideynlərin bəziləri düşünürdü ki, iltizam yazaraq məktəbdən imtina etməklə övladı onlayn dərsə qatıla bilər. Lakin baş nazir Əli Əsədov bununla bağlı seçimi ləğv etdi. Bundan sonra alternativ təhsil alma forması nəzərdə tutulmur. Yəni əyani tədris tam şəkildə bərpa olunur və bundan yayınmaq olmaz. Bununla yanaşı 2009-cu ildə qəbul edilən "Təhsil haqqında" qanuna görə təhsil alma formalarından biri kimi distant təhsil nəzərdə tutulub. Lakin indiki halda orta ümumtəhsil məktəblərində dərslər yalnız əyani formada keçiriləcək”.

Şəbnəm Mehdizadə