Gənclər Kitabxanası Anım Gününü belə qeyd edir

 09:56 27.09.2021     525

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 2 dekabr tarixli Sərancamı ilə hər il sentyabrın 27-nin Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsi 44 günlük Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın əlamətidir.

Redaktor.az xəbər verir ki,  gənc nəslin Vətənpərvərlik və milli dəyərlərə hörmət ruhunda tərbiyəsində yaxından iştirak edən Respublika Gənclər kitabxanası Anım günü münasibətilə silsilə materiallar hazırlanıb. Bu materiallara çoxlu sayda video çarxlar, biblioqrafik vəsait və biblioqrafik bulleten daxildir. “Dövlətçilik tariximizin ən parlaq səhifəsi” bülletenində Azərbaycan tarixinin ən parlaq və şanlı səhifəsi olan 44 günlük II Qarabağ müharibəsi haqqında 2021-ci ildə nəşr edilmiş 43 adda ( 30 Azrbaycan, 6 türk, 4 rus, 3 ingilis dilində) elmi, siyasi, tarixi, publisistik, bədii kitabların şəkilləri və annotasiyalı biblioqrafik təsvirləri, rəsmi sənədlər, 207 adda (125 Azərbaycan, 83 rus dilində) dövri mətbuatda çıxan məqalələrin təsvirləri, Vətən müharibəsinə dair şeirlər toplanıb.

Kitab təsvirləri əlifba ardıcıllığı ilə, dövri mətbuat materialları əks xronoloji qaydada verilib. Vəsaiti tərtib etməkdə məqsəd istifadəçiləri II Qarabağ müharibəsinə dair kitablarla: “44 günlük diplomatiya dərsləri” (4 dildə: Azərbaycan, türk, rus, ingilis), Əliyev İ. “İnkişaf məqsədimizdir” (Kitab.106, 107,108, 109), “Əziz Şuşa, biz qayıtmışıq!” (4 dildə), “Zəfər salnaməsi”, “Zəfər yolu”, “44 gün Vətən Müharibəsi : Hulusi Kılıç informasiya cəbhəsində”, İbrahimov X. “Zəfər günü”, İsmayıl E. “Qanları ilə dastan yazanlar”, “II Qarabağ müharibəsi: Tarix yazan qəhrəmanlar" adlı esse müsabiqəsinin materialları, “Qarabağ dastanı”, Nuriyeva İ.“Ərazi bütövlüyü və öz müqəddəratını təyinetmə prinsiplərinə etnosiyasi yanaşma”, Sadıqov B.”Xilaskar İlham Əliyev”, Şahinoğlu E. Dəmir yumruq”, , Vətən Müharibəsi şəhidləri” və s. tanışedərək məlumatlandırmaqdır.

Bundan əlavə, 44 günlük Vətən Müharibəsində xalqımızın qazandığı tarixi Qələbə və Zəfər təntənəsini tərənnüm edən bədii ədəbiyyat nümunələri haqqında məlumatları istifadəçilərin diqqətinə çatdırmaq məqsədilə “II Qarabağ müharibəsi bədii ədəbiyyatda” adlı biblioqrafik vəsait də tərtib olunub. Vəsaitdə əvvəlcə II Qarabağ müharibəsi haqqında yazılmış kitabların: (Sabir Rüstəmxanlı “Qarabağa dönüş”; Əlibəyli Tapdıq. “Payız çöhrəsində yazdı 44 gün”; Hüseynbəyli Faiq. “Arzuların Şəhidi”; “II Qarabağ müharibəsi: Tarix yazan qəhrəmanlar" adlı esse müsabiqəsinin materialları; İbrahimov Xaqani. “Zəfər günü”; “Qarabağ dastanı”; Sadıqova Rəfiqə. “Əbədi yaşayanlar”; “Vətən simurqları” və s.) annotasiyalı biblioqrafik təsvirləri əlifba ardıcıllığı ilə, sonra dövrü mətbuatda çıxan yazıların (publisistik məqalələr, hekayə, poma, şeir, esse, elegiya, həcv və s.) təsvirləri illər üzrə xronoloji ardıcıllıqla daxildə isə əlifba qaydası üzrə yığılıb. Respublika Gənclər Kitabxanasının əməkdaşları biblioqrafik vəsaitlərdən əlavə bir sıra vətənpərvər ruhlu, milli ordumuza, şəhidlərimizə, 44 günlük müharibənin hadisələrinin xronikasına həsr olunmuş video materiallar da hazırlamışlar. Video çarxlarda Zaur Ələsgərli,  Rəşad Ələkbərov, Adil Əfəndiyev, Nicat Qasımzadə, Şamil Babayev kimi igid Azərbaycan oğullarından bəhs edilir, onların döyüş yolu, qəhrəmanlıqları təsvir edilir.

Kitabxana əməkdaşları “Azərbaycan əsgərinə” şerini səsləndirərək izləyicilərə video material formasında təqdim edib. Zaman keçdikcə 44 günlük II Qarabağ müharibəsi və onun qəhrəmanlarının, müharibəyə birbaşa nəzarət edən Ali Baş Komandanın və Müzəffər Azərbaycan Ordusunun keçdikləri çətin  və şərəfli döyüş yolları, qəhrəmanlıqları daha çox öyrənəcək, bu barədə cild-cild kitablar, bədii əsərlər yazılacaqdır. Sözügedən materialların hər biri kitabxananın kitabxananın rəsmi saytında və sosial şəbəkələrində yerləşdirilib.