BDU hərəkətə keçdi - Sabahdan universitetə giriş BU QAYDADA OLACAQ

 11:27 29.09.2021     2397

Bu gündən etibarən Azərbaycan universitetlərində əyani tədris bərpa olunur. Universitetlərdə tələbələrdən COVİD-19 pasportunun yoxlanılması ciddi problemlərə yol açıb. Yayılan görüntülər arasında ən çox diqqət çəkən isə Bakı Dövlət Universitetinin qarşısındakı mənzərə olub. Belə ki, vaksin pasportunun yoxlanılması universitetin girişində böyük izdihama səbəb olub.

Bəs görəsən, bu məsələ tələbələrin dərsə gecikmələrinə təsir edirmi? Növbəti günlərdə də bu problem davam edəcəkmi? Problemin aradan qaldırılması üçün hansı tədbirlər görülür?

Mövzu ilə bağlı Redaktor.az-ın suallarını BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri Günel Orucəliyeva cavablandırıb. O, öncə universitetin qarşısında yaranan izdihama aydınlıq gətirib: “Sıxlığın yaranmasına əsas səbəb ilk dərs günü ilə bağlıdır. Tələbələrin çoxu yaxınları, doğmaları, qohum-əqrəbaları ilə dərsə gəlib. Bu da universitet qarşısında böyük izdiham yaradıb. Mühafizəçilərimiz öz işinin öhdəsindən peşəkarlıqla gəlir. Tam heyət bu işlə məşğuldur. Lakin mühafizə xidməti universitetin xaricinə nəzarət edə bilmir. Universitet daxilində maska, sosial məsafə və digər pandemiya qaydalarına əməl edilir”.

G.Orucəliyeva qeyd edib ki, pasportların yoxlanılması üçün lazımi avadanlıq artıq hazırdır: “Yəqin ki sabahdan bu məsələ öz qaydasına düşəcək. Həmçinin, universitetin digər girişlərinin açılması da müzakirə edilir. Günün sonunda bu mövzuya da aydınlıq gətiriləcək”.

Mövzu ilə bağlı Təhsil Nazirliyinin mövqeyini öyrənməyə çalışsaq da zənglərimizə cavab verilmədi.

https://redaktor.az/news/education/145326-universitetlerde-covid-19-pasportu-bele

Şəbnəm Mehdizadə