Təhsil nazirinin məktəb yaşı təklifi ETİRAZLA QARŞILANDI - "Uşaqları bu dərəcədə yükləmək olmaz"

 16:31 02.10.2021     3629

Xəbər verdiyimiz kimi, təhsil naziri Emin Əmrullayev ibtidai sinfə başlama yaşının azaldılması ilə bağlı fikirlər səsləndirib. Nazir öz açıqlamasında bildirib ki, qarşıda duran çağırışlardan biri uşaqların məktəbə başlama yaşıdır. "Zənnimcə, hələ də gecdir, çünki 6 yaşda başlayırıq. Məktəbə başlama yaşının azaldılmasına çalışmalıyıq ki, uşaqlar mümkün qədər erkən yaşlarında öyrənməyə başlasınlar” - deyən nazirin təklifinə görə, uşaqlar ibtidai sinfə 5 yaşında getməlidirlər.

Qeyd edək ki, E.Əmrullayevin bu təklifi sosial şəbəkədə ciddi müzakirələrə səbəb olub. Bəs görəsən, uşaqların erkən yaşda tədrisə başlamasının hansı müsbət və ya mənfi tərəfləri var?

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin Elm və təhsil məsələləri daimi komissiyasının keçmiş sədri, professor Şahlar Əsgərov bildirib ki, bu istiqamətdə ciddi tədqiqat aparılmalıdır:

“Düşünürəm ki, dövlətin uşaqları erkən nəzarətə götürməsi yaxşı haldır. Lakin məsələ burasındadır ki, təhsil sistemində bəlli problemlər var. Bu hamıya aydın olan bir məsələdir. Ona görə də bu addımı atmazdan əvvəl ciddi tədqiqat aparmaq lazımdır. Bunu edəcək qurum isə Təhsil Nairliyidir. İlkin mərhələdə müəyyən təcrübələr aparıla bilər. Bu təcrübələrin nəticələrinə uyğun qərar qəbul edilməlidir”.

Təhsil eksperti Nadir İsrafilov isə hesab edir ki, uşaqları bu dərəcədə yükləmək olmaz:

"Nazir öz təhlil və təcrübəsini nəzərə alaraq belə bir təkliflə çıxış edib. Amma bu məsələnin digər tərəfləri də var. Şəxsən mən bu təklifi qəbul edə bilmərəm. Çünki biz həmişə dünya ölkələrini misal çəkirik. Lakin hər ölkənin öz şəraiti və inkişaf səviyyəsi var. Hansısa ölkəni özümüzə nümunə gətirib "biz də bu təcrübəyə keçək" demək düzgün olmaz. Hər kəsin nümunə kimi gətirdiyi Finlandiyada təhsil 7 yaşdan başlayır. Dünyanın elə ölkələri var ki, 9, 10, 12, 14 illik təhsil sistemi ilə çalışır. Hər ölkədə bu məsələnin qoyuluşu vəziyyətə uyğun olaraq həyata keçirilir. Uşaqların tədris yaşı 5 yaşa endirilsə, məktəbəqədər hazırlıq 4 yaşa enir. Bizim üçün təhsildən qabaq övladlarımızın sağlamlığıdır. Onların fiziki və psixooloji durumu var. Uşaq uşaqlıq dövrünü yaşamalıdır. Vaxtlı-vaxtında yatmalıdır. Uşaqları bu dərəcədə yükləmək olmaz. Biz hara tələsirik? Bununla biz nəyə nail olacağıq?"

Ekspert bildirib ki, hazırda bu təklif aktual deyil.

"Sağlam bədəndə sağlam ruh ifadəsi boş yerə deyilməyib. Bu dərəcədə tələskənliyə ehtiyac yoxdur. Bundan başqa uşaqların asudə vaxtının təşkili də önəmli məsələlərdəndir.  Vaxtilə bunun üçün xüsusi düşərgələr, dərnəklər təşkil olunurdu. İndi bunların heç biri yoxdur. Pandmeiya dövründə isə vəziyyət daha da qəlizləşdi. Uşaqlar həmyaşıdları ilə oynamır, sosiallaşa bilmir. 6 yaşa keçid vaxtı ilə ciddi problemlər yaşandı. İndi tədris yaşı beş yaşa endirilsə, təhsilin struktur və modeli, dəyişməli, yeni tədris proqramı yazılmalıdır. Dərsliklər müvafiq qaydada təkmilləşdirilməlidir. Bizim hazırda təhsildə həlli gözləyən o qədər problemlərimiz var ki. Biz həmin problemləri qaydasına qoymalıyıq. Əəsas hədəfimiz bu olmalıdır. Təhsildə kəmiyyəti dəyişməklə keyfiyyət əldə olmaz. Hazırda məktəb yaşının beş yaşa endirilməsi fikrimcə aktual problem deyil", - deyə Nadir İsrafilov bildirib.

Təhsil mütəxəssisi Qoşqar Məhərrəmov deyir ki, dünya təcrübəsində daha erkən yaşlarda təhsilin icbari formaları var:

"Hazırda beş yaşa çatmış uşaqlar məktəbəqədər hazırlıqlara gedir. Valideynlərin böyük əksəriyyəti öz övladlarını beş yaşdan hazırlıq kursuna yazdırır. Bu, icbari olsa heç nə dəyişməyəcək".

Psixoloq Orxan Oruc isə bildirib ki, 6 yaşlı uşaqla 5 yaşlı uşağın dərs proqramı eyni ola bilməz:

“Vaxtilə uşaqların məktəb yaşı 7 yaş idi. Sonradan bu 6 yaşa endirildi. Hazırda məktəbəqədər hazırlıq prosesi 5 yaşdan başlayır. Bu hazırlıq məktəbə bir keçid mərhələsi idi. Artıq bu təcrübədən bir neçə ildir istifadə edilir. İndi nazirlik təcrübəyə əsaslanaraq deyir ki, uşaqlar artıq beş yaşdan məktəbə gedə bilər. Lakin psixoloji hazırlıq məsələsi də var. Düzdür, uşaqlar beş yaşında məktəbəqədər hazırlıq kursuna gedirdi. Lakin proqram tərtibatı hazırlanarkən uşaqların ümumi intellekt səviyyəsi ölçülməli və ümumi qənaətə gəlmək lazımdır. 6 yaşlı uşaqla 5 yaşlı uşağın dərs proqramı eyni ola bilməz”.

Şəbnəm Mehdizadə

Vumart və Güvən reklamı Vumart Güvən