Deputat məktəblərdəki yoluxmaya görə müəllimləri İTTİHAM ETDİ

 15:09 06.10.2021     1764

Əyani tədrisin bərpasından sonra Bakı məktəblərində koronavirusa (COVİD-19) yoluxma halları yenidən müşahidə edilməyə başlayıb. Belə ki, ötən gün 162 nömrəli tam orta məktəbin 8 ç sinfində 3 şagirdin, bu gün isə Tahir Həsənov adına 23 nömrəli məktəbin üç sinfində şagirdlərin COVID-19 infeksiyasina yoluxması təsdiq olunduğu üçün həmin siniflərdə əyani tədris prosesi 14 gün müddətində distant təhsillə əvəz olunub. Anoloji hadisə Baku-Oxford School-da da qeydə alınıb. Həmin təhsil ocağında da yoluxma səbəbindən bir sinif distant təhsilə keçib.

Bəs görəsən yoluxma halları davam edərsə, əyani tədris ölkənin bütün məktəblərində dayandırıla bilərmi?

Mövzu ilə bağlı Redaktor.az-ın suaını cavablandıran Milli Məclisin deputatı Etibar Əliyev bildirib ki, vəziyyət belə davam edərsə, dərslər dayandırıla bilər:

Məktəblərdə yoluxma hallarının artması yaxşı hal deyil. Təhsil Nazirliyi yuxarı siniflərdə əyani təhsilin bərpası ilə bağlı qərarı müəyyən şərtlər daxilində qəbul etmişdi. Əgər yoluxma sayı artarsa yuxarı siniflərdə əyani tədris dayandırıla bilər. İstənilən halda müəllimlərin də üzərinə burada böyük məsuliyyət düşür. Müəllimlər həddən artıq ehtiyatlı olmalı və kütləvi tədbirlərdə iştirak etməməlidir. Təəssüf ki, müəllimlərin əksəriyyəti bəzi qaydalara əməl etmir. Siniflərdə sosial məsafənin qorunması üçün ciddi işlər görülməlidir. Hesab edirəm ki, bu prosesə nəzarəti yumşaltmaq olmaz. Bu işdə məsuliyyət əsasən məktəb rəhbərliyi və müəllimlərin üzərinə düşür. Əgər yoluxma halları daha da artarsa, sağlamlıq amili önə çəkilməlidir. Vəziyyət bu formada davam edərsə, məktəblərin distant təhsilə keçmək üçün zəmin yaranacaq”.

Şəbnəm Mehdizadə