ADU Bakı Kitab Sərgi-Yarmarkasında təmsil olunur

 14:52 06.10.2021     126

Oktyabrın 6-da Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının açılışı olub.

Redaktor.az xəbər verir kİ, Azərbaycan Respublikası Prezidentinin ölkəmizdə 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında müvafiq Sərəncamının icrası ilə əlaqədar Nazirlər Kabinetinin təsdiqlədiyi Tədbirlər Planına uyğun olaraq, builki sərgi-yarmarka dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyinə həsr olunub.

Açılış mərasimində Baş nazirin müavini Əli Əhmədov bütün oxucuları kitab bayramı münasibətilə təbrik edib. Bildirib ki, Azərbaycanda belə sərgi-yarmarkaların keçirilməsi artıq bir ənənə halını alıb. Kitabın bəşəri dəyər olduğunu qeyd edən Baş nazirin müavini belə sərginin ölkəmizdə keçirilməsini yüksək qiymətləndirib. Sərgi ilə bağlı təəssüratlarını bölüşən mədəniyyət naziri Anar Kərimov qeyd edib ki, 14 illik tarixə malik Bakı Beynəlxalq Kitab Sərgisi ölkəmizdə keçirilən müxtəlif sahələr üzrə beynəlxalq tədbirlər sırasında, cəmiyyət tərəfindən böyük maraqla qarşılanan və iştirakçı baxımından kütləviliyi ilə seçilən öncül festivallardan hesab olunur. Tədbirdə təhsil naziri Emin Əmrullayev, Xalq yazıçısı Anar, Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Əhməd Misbah çıxış edərək sərginin açılışı münasibətilə kitabsevərləri təbrik edərək öz fikirlərini bölüşüblər.

Azərbaycan Dillər Universitetinin nəşrlərinin təqdim olunduğu stendə baş çəkən Baş nazirin müavini Əli Əhmədov, Mədəniyyət naziri Anar Kərimov və Təhsil naziri Emin Əmrullayev universitetin nəşrləri ilə tanış olublar. ADU-nun rektoru, akademik Kamal Abdulla tədbir iştirakçılarına “Həqiqətin onomastikası” kitabı haqqında məlumat verib. Qeyd olunub ki, gərgin tədqiqat işlərinin bəhrəsi olan bu kitab erməni vandalizminin və erməni saxtakarlığının ən bariz nümunələrindən birinə – tarixi Azərbaycan torpaqlarında, indiki Ermənistan Respublikası ərazisində əsrlər boyu yaşamış azərbaycanlıların izlərinin silinməsi üçün bizə məxsus 1600-ə yaxın toponim, hidronim, oronimlərin kütləvi şəkildə dəyişdirilməsi və saxtalaşdırılması, bir çoxyaşayış məntəqələrinin isə məqsədli şəkildə yer üzündən tamamilə silinməsi faktlarına həsr olunub. Kitabın yaxın zamanda ingilis, rus və fransız dillərində nəşri nəzərdə tutulur.

Qeyd edək ki, sərgidə ADU-nun son üç ildə çap olunan 100 adda nəşri nümayiş olunur.