"Yanvara qədər gözləmək lazım idi" - Komitə sədri Operativ Qərargahı qınadı

 11:58 14.10.2021     1570

Xəbər verdiyimiz kimi, Azərbaycanda yeni tədris ili başlayandan bu günədək 241 sinif distant təhsilə keçirilib. Təhsil Nazirliyinin verdiyi məlumata görə, onlardan 35-i artıq əyani təhsilə qayıdıb, 206 sinifdə isə distant təhsil davam etdirilir.

Təhsil Nazirliyinin tabeliyindəki S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasında koronavirusa görə ənənəvi tədris dayandırılıb. Belə ki, gimnaziyanın bir neçə şagird və müəlliminin COVID-19 testi pozitiv çıxıb.

Bəs görəsən, indiki situasiyada ölkə məktəblərində əyani tədris tamamilə ləğv edilə bilərmi?

Mövzu ilə bağlı Redaktor.az-ın suallarını Milli Məclisin Sosial siyasət komitəsinin sədri, deputat Musa Quliyev cavablandırıb. O bildirib ki, yoluxma sayının artması gözlənilən idi:

“Biz hələ sentyabr ayında bu barədə öz fkirlərimizi bildirmişdik. Ən azı yanvar ayına qədər gözləmək lazım idi ki, vaksinasiya prosesi 80 faizə çatsın. Lakin Operativ Qərargah başqa cür qərar qəbul etdi  və əyani dərslər sentyabr ayında bərpa edildi. Belə olan təqdirdə yoluxma sayının artması gözlənilən idi. Bundan sonra məktəbləri yenidən bağlamaq düzgün olmaz. Hansı məktəblərdə virusa yoluxma halları aşkar olunarsa, o məktəblərdə yarım, yaxud bir aylıq distant təhsilə keçmək daha məqsədəuyğundur, nəinki bütün ölkə üzə məktəbləri bağlamaq. Yəqin yanvar ayına kimi vəziyyət yüngülləşməyə doğru gedəcək. Bununla yanaşı məktəblərdə nəzarət tədbirləri gücləndirilməlidir. Uşaqların temperaturu ölçülməlidir və maska tələbi gücləndirilməlidir. Siniflərdə sosial məsafə və digər vacib gigiyena qaydaları gözlənilmirsə əyani tədrisə keçməyin mənası yoxdur”.

Təhsil eksperti Nadir İsrafilov  isə bildirib ki, bu məsələdə birmənalı hökm vermək olmur:

“Bu insan iradəsindən, arzu və istəyindən asılı olan məsələ deyil. Tədrisin davam edib-etməyəcəyi hadisələrin gedişindən asılıdır. Hazırda vaksinasiya prosesi davam edir. Hələlik məktəblərin bütövlükdə bağlanmasından söhbət gedə bilməz. Yoluxma sayının artdığı məktəblərdə lokal qapanmalar ola bilər. Burada söhbət hansısa sinifin, yaxud məktəbin bir müddətlik bağlanmasından gedir. Dərhal panikaya düşmək lazım deyil. Hələlik vəziyyət o qədər də pis deyil. Uşaqları məktəbdən saxlamaq olmaz. Əsas məsələ lazımi təhlükəsizlik tədbirlərini görməkdir. Bu günkü nəticələr məktəblərin bağlanmasına əsas vermir. Əgər yolxuam sayında kütləvilik artarsa belə bir qərara gəlmək olar”.