Bakıda daha bir məktəbdə YOLUXMA - Direktordan AÇIQLAMA - ÖZƏL

 13:07 14.10.2021     618

Bakı məktəblərində koronavirusa yoluxma hallarının artması ictimaiyyət arasında haqlı narahatlığa səbəb olub. Bu barədə valideynlər də sosial şəbəkələrdə müxtəlif fikirlər səsləndirir. Yoluxma ilə bağlı adı çəkilən məktəblərdən biri də Bakı Slavyan Universitetinin Məktəb Lisey Kompleksidir. Redaksiyamıza müraciət edən valideynlər məktəbdə uşaqlar arasında yoluxma halları olmasına baxmayaraq, dərslərin hələ də əyani formada davam etməsindən narazılıq edir.

Mövzu ilə bağlı Bakı Slavyan Universitetinin Məktəb Lisey Kompleksinin direktoru İlahə Carçıyeva ilə əlaqə saxladıq.

Direktor Redaktor.az-a bildirdi ki, hazırda məktəbdə cəmi üç şagird koronavirusa yoluxub:

“Yoluxma müşahidə olunan sinifin biri artıq distant təhsilə keçib. Yoluxma müşahidə edildiyi zaman Gigiyena Epidemioloji Mərkəz (GEM) protokol tərtib edir və bu protokolu biz Təhsil Nazirliyinə göndəririk. Nazirlik bu protokolu təsdiqlədikdən sonra onlayn təhsilə keçirik. Digər sinifdə təhsil alan şagirdlə bağlı GEM-dən hələlik protokol gəlməyib. Buna görə də o sinifdə dərslər əyani formada davam edir. Protokollaşdırmadan sonra həmin sinif də distant təhsilə keçəcək. Yəni bu mənim özbaşına verə biləcəyim bir qərar deyil, yaxud da belə bir hüququm yoxdur. Məktəblərin distant təhsilə keçməsi ilə bağlı qərarı GEM verir. Bundan sonra proses bir qədər çevik olacaq. Mən bu barədə nazirliyə demişəm. GEM vaxtında məktəbə gəlməlidir ki, protokol dərhal tərtib olunsun. Protokollaşma işləri prosesi yubadır”.

Direktor bildirib ki, həmin şagirdlərdən biri sonuncu dəfə oktyabrın 4-də, digəri isə 8-də məktəbdə olub: “Dərslər isə ayın 29-da başlayıb. Məlumdur ki, xəstəliyin inkubasiya dövrü isə iki həftədir. Belə çıxır ki, onlar məktəb başlamazdan əvvəl xəstəliyə yoluxub. Valideynlər uşaqlarda xəstəliyin əlamətini hiss edən kimi dərhal test verməlidir. Lakin şagirdlərin çoxu bu testi vermir və evdə müalicə alır. Yoluxan şagirdlərimizdən birinin analiz nəticəsi dünən bilinib. Dərsə gəlməyən, test verməyən və  evdə xəstə yatan uşağa mən necə cavabdehlik daşıya bilərəm?"

Şəbnəm Mehdizadə