Deputatdan HƏYACAN TƏBİLİ - "Ciddi qərarlar verilməlidir, əks halda vəziyyət daha da pisləşəcək"

 13:51 19.10.2021     2047

Son günlər Bakı və bölgələrdəki məktəblərdə koronavirusa yoluxanların sayı durmadan artır. Təəssüf ki, bu dalğada yoluxan şagirdlərdən həyatını itirənlər də var. Belə ki, artıq şagirdlər arasında ikinci ölüm halı qeydə alınıb. Sabunçu rayonu Kürdəxanı qəsəbəsində yerləşən 39 saylı Ağdam köçkün tam orta məktəbinin 1-ci sinif şagirdi Renat Quliyev dünyasını dəyişib. Eyni zamanda, yoluxma səbəbindən paytaxt və bölgələrdə bir neçə məktəb tamamilə bağlanıb, digərlərində isə yalnız siniflər distant təhsilə keçib.

Bəs görəsən, belə bir vəziyyətdə orta məktəblərdə əyani tədris ləğv olunmalıdırmı?

Mövzu ilə bağlı Redaktor.az-ın suallarını Milli Məclisin deputatı Etibar Əliyev cavablandırıb. O bildirib ki, məktəblərdə koronavirusa yoluxma hallarının kütləviləşməsi əyani tədrisin dayandırılmasını zəruri edir:

“Əgər orta məktəblərdə yoluxma geniş vüsət alıbsa, dinamikaya baxmaq lazımdır. Yoluxma dinamikası bu şəkildə davam edərsə, tədrisin dayandırılmasını düşünürəm. Təhsil və səhiyyə nazirlikləri seçmə məktəblərdə monitoriqnlər təşkil edə bilər. Yayılmanın səbəbləri araşdırılmalıdır. Virus daşıyıcılarının şagirdlər, yoxsa müəllimlər olduğu müəyyənləşməlidir”.

Deputat bildirib ki, Azərbaycanda müəllim heyətinin indiyə qədər ikinci doza vaksinasiyası tam başa çatmalı idi:
“Lakin vaksinasiyadan yayınan xeyli sayda müəllim var. Saxta vaksin pasportu almaq üçün müraciət edənlər var. Bununla onlar yoluxma hallarının daha da geniş yayılmasına səbəb olur. Qısa müddət ərzində ciddi qərarlar alınmalıdır. Əks halda vəziyyət daha da pisləşə bilər. Pandemiya başladığı gündən bəri insan sağlamlığı hər şeydən ən önəmli prioritetə çevrilib. Hər şey sağlamlıqdan sonradır. Yoluxma dinamikasında artım müşahidə edilərsə, əyani tədris prosesi dayandırılmalıdır”.

Şəbnəm MEHDİZADƏ