Bakı məktəblərində şagirdlərdən sağlamlıq haqqında arayış tələb edilir - RƏSMİ

 18:24 04.11.2021     1175

Son günlər Azərbaycanda koronavirusa yoluxanların sayı günü-gündən artır. Təəssüf ki, yoluxmanın ən çox qeydə alındığı yerlərdən biri də təhsil müəssiələridir. Lakin koronavirusa yoluxanların sürətlə artdığı bu dövrdə məktəblərdə əyani tədris hələ də davam edir. Əldə etdiyimiz məlumata görə, dünəndən etibarən Bakıda bəzi məktəblərdə şagirdlərdən sağlamlıq haqqında arayış tələb olunur. Bəs görəsən, bu arayış niyə və hansı səbəbdən tələb edilir?

Mövzu ilə bağlı Redaktor.az-ın sorğusuna Bakı Şəhər Təhsil İdarəsindən cavab olaraq bildirilib ki, Bakı məktəblərində COVİD-19 virusuna yoluxan və ya koronavirus xəstəsi ilə yaxın təmasda olan şagirdlərdən Gigiyena və Epidemiologiya Mərkəzinin tələblərinə uyğun olaraq, məktəb rəhbərliyi tərəfindən sağlamlıq haqqında arayış tələb olunur.

"Onu da qeyd edək ki, təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur", - deyə Təhsil İdarəsindən bildirilib.

Şəbnəm Mehdizadə