ADU-da Zəfər Gününə həsr olunan tədbir keçirildi - FOTO

 18:07 05.11.2021     322

Azərbaycan Dillər Universitetində Zəfər Gününə həsr olunan tədbir keçirilib

Redaktor.az xəbər verir ki, noyabrın 5-də Azərbaycan Dillər Universitetində Zəfər Gününə həsr olunmuş tədbir keçirilib. Tədbir 44 günlük Vətən müharibəsində canlarından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Tədbirdə millət vəkilləri, şəhid ailəsi üzvləri, müəllim və tələbələr iştirak ediblər.

ADU-nun rektoru, akademik Kamal Abdulla tədbir iştirakçıların salamlayıb, onları universitetdə görməkdə məmnun olduğunu bildirib. Qeyd olunub ki, bu tarixi missiyanın şahidləri və iştirakçıları olduğumuz üçün özümüzü xoşbəxt hiss etməli, məsuliyyətimizi dərk etməli və qazilərimizi, şəhidlərimizi heç vaxt unutmamalıyıq:

“Azərbaycan 44 gün ərzində tarixi bir qələbəyə imza atdı. Müasir dünyada bu qədər sürətli və az itki ilə qələbə çətin məsələdir. Bu çətin məsələnin öhdəsindən Azərbaycan ordusu və Azərbaycan xalqı şərəflə, ləyaqətlə gəldi. Ulu öndər Heydər Əliyevin qurduğu Azərbaycanı onun layiqli davamçısı, Ali Baş Komandan, cənab prezident İlham Əliyev daha da möhkəmləndirdi, iqtisadi imkanlarını artırdı, xalqın rifah halını yüksəltdi. Qələbəni şərtləndirən amillərdən biri də xalqla iqtidar arasındakı sıx bağlılıq və vəhdət oldu. Gənclərin üzərinə düşən məsuliyyət hər zaman diqqətdə olmalı, bizi arxayın yaşamağa qoymamalı və sabah üçün daha güclü olmalıyıq.”

Çıxış edən millət vəkili Naqif Həmzəyev dəvət üçün universitet rəhbərliyinə öz təşəkkürünü bildirib. Tələbələrin, xüsusilə gənclərin tarixi zəfərimizdəki rolundan danışan qonaq vətənpərvərlik və güclü inam hissinin daima Azərbaycan xalqının əsas güc mənbəyi olmasını diqqətə çatdırıb. Bundan sonra da istər təhsildə, istər cəbhədə, istərsə də beynəlxalq müstəvidə daha güclü, daha inamlı və daha həvəsli olmağımızın vacibliyi qeyd olunub. Bayrağımızın Şuşada, Laçında, Ağdamda və digər əzəli və əbədi torpaqlarımızda dalğalanması bizi  qürurlandırır, işimizin və gücümüzün miqyasını daha da genişləndirir. Bu işdə hamımız əlimizdən gələn köməkliyi əsirgəməməli və güclü dövlətimizi daha da gücləndirməliyik.

ADU-nun İctimaiyyətlə əlaqələr üzrə prorektoru, millət vəkili Tamam Cəfərova tədbir iştirakçılarını böyük qələbə münasibətilə təbrik edib: “Şəhidlərin xatirəsinin daima uca tutan Azərbaycan xalqı bir daha qəhrəman və cəsur xalq olduğunu bütün dünyaya göstərdi. Hər kəs bir yumruq kimi birləşdi, bu Dəmir yumruq bizim işğal altında olan torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün təmin olunması və xalqımızın müzəffər xalq olmasını şərtləndirdi. Hər birimiz bu qələbənin qorunmasında və gələcək uğurlarımızın davamlı olması yolunda cənab prezidentin, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməliyik. Bizə qələbəni yaşadanları heç vaxt unutmamalıyıq”.

Daha sonra tədbir tələbələrin hazırladıqları bədii hissə ilə davam edib.