Təhsil krediti almaq istəyən tələbə qəbul imtahanında bu qədər bal toplamalıdır - AÇIQLAMA

 12:32 25.11.2021     419

"Birinci tədris ilinin ilk semestri üçün tələbələrin standart təhsil tələbə kreditləri (TTK) almaq hüququ olan tələbənin qəbul imtahanında topladığı ümumi balın minimal həddi müəyyənləşib".

Redaktor.az xəbər verir ki, bunu təhsil nazirinin müavini İdris İsayev təhsil tələbə kreditlərinin (TTK) verilməsi ilə bağlı keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, həmin hədd Təhsil Tələbə Fondunun himayəçilik şurası tərəfindən qərarlaşdırılıb: "Bakalavriat səviyyəsi üçün 300-700 bal aralığında, magistratura səviyyəsi üçün 50-100 bal aralığı, subbakalvriyat səviyyəsi üçün 110-300 bal aralığında nəticə göstərənlər ilk semestrdə kredit almaq hüququna malik ola bilərlər".

Nazir müavini bildirib ki, standart kreditlər illik təhsil haqqının 20 %-ni ödəyən tələbələrə veriləcək.

İdris İsayev deyib ki, tələbə təhsil krediti alacaq tələbələr üçün özəl və ya dövlət universitetinin fərqi yoxdur.

O bildirib ki, ödənişli əsaslarla oxuyan tələbə kredit almaq hüququna malikdir: "Kredit yalnız ölkədə qanunvericiliyin tələblərinə uyğun fəaliyyət göstərən təhsil müəssisələrində təhsil alan Azərbaycan vətəndaşları üçün nəzərdə tutulub".

Nazir müavini xatırladıb ki, ali təhsil pilləsinin bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura (rezidentura) səviyyələrində, orta ixtisas təhsili pilləsində və peşə təhsili pilləsinin yüksək texniki peşə təhsili səviyyəsində əyani və ödənişli oxuyan tələbələr kredit almaq hüququna malikdir:

"Qiyabi təhsil alanlar isə kredit ala bilməzlər".