Təhsil kreditləri ilə bağlı ETİRAZ - "İpoteka şərtləri belə, bundan daha asandır"

 17:27 26.11.2021     506

"Tələbə kreditləri ilə bağlı daha yaxşı şərtlər gözlənilirdi. Çünki bu pul xalqın balasına verilməli olan puldur. Bu mənada şərtlər məni xeyli təəccübləndirdi".

Bunu Redaktor.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov təhsil tələbə krediti ilə bağlı qaydalara münasibət bildirərkən deyib.

"İlk növbədə faiz məsələsini qeyd etmək istərdim. Tələbə kreditlərinin 2-4 faizlə veriləcəyini düşünürdüm. Lakin belə olmadı. Əgər tələbənin akademik göstəriciləri yüksək olarsa onun 50 faizi bağışlanacaq. Məncə bu yetərli deyil və biz bu kreditləri daha əlçatan edə bilərik. Nəzərə almaq lazımdır ki, ölkədə ali təhsilli vətəndaşların sayı çox deyil. Digər tərəfdən, bu gün universitetlərdə ödənişli əsaslarla təhsil alan tələbələrin də sayı çox deyil. Kredit üçün müraciət edənlərin sayı o qədər də təhlükəli həddə olmayacaq ki, narahatlıq yaransın. Prezident İlham Əliyevin göstərişi ilə 2021-ci ilin dövlət büdcəsində 40 milyon, 2022-ci ilin büdəsində 22 milyon manat vəsait ayrılıb. Bu pul hər il ayrılacaq. Ona görə kreditlərin həcmindən qorxmaq lazım deyil. Tələbə krediti üçün o qədər sənəd tələb edilir ki, onları toplayana qədər tələbələr bezir. İpoteka şərtləri belə, bundan daha asandır. Tələbədən bu qədər əlavə sənəd tələb etmək yersizdir. Tələb kreditləri daha asan şərtlərlə verilməlidir. Proses daha sadə və əlçatan ola bilərdi", - deyə ekspert bildirib.

Kamran Əsədovun sözlərinə görə, tələb olunur ki, www.e-ttkf.edu.az portalı vasitəsilə müraciət etmək lazımdır: "Bunun üçün isə “ASAN Login”ə malik olmaq lazımdır. Bu portaldan qeydiyyatdan keçmək üçün isə müraciət edənin adına mobil nömrə olmalıdır. Lakin nəzərə alınmayıb ki, ölkədə 18 yaşından aşağı olan şəxslərə mobil nömrə satılmır. Tələbənin, yəni kredit almaq üçün müraciət edənin adına mobil nömrə yoxdursa, o sistemdə qeydiyyatdan keçə bilməz. Deməli, indi azı 60 min tələbə gedib yeni mobil nömrə almalıdır? 

Daha sonra, ümumi orta təhsil bazasından kollecə qəbul olan tələbənin 15 yaşı var, o öz adına necə nömrə ala bilər? Mobil operatorlar yalnız valideynlərinin birinin notarial təsdiq edilmiş razılığından sonra 18 yaşından aşağı şəxsə mobil nömrə satırlar. Bunlar isə əlavə xərc və vaxt deməkdir". 

Milli Məlisin deputatı Ceyhun Məmmədov isə bildirib ki, təhsil kreditləri ilə bağlı bəzi məsələlər mərhələli olaraq öz həllini tapacaq:

"Əgər tələbənin yaşı 18-dən azdırsa, valideynin bu prosesdə iştirakı nəzərdə tutulur. Yəni valideynlər müraciət etməklə bu məsələ öz həllini tapa bilər. Bu yeni mexanizmdir. Dövlət çalışır ki, bu sahəyə qayğı göstərsin və tələbələrə dəsək olsun. Ola bilər ki, müəyyən problemlər və çətinliklər yaşansın. Zamanla bu kimi problemlər aradan qaldırılacaq. Bu layihə ilə mən də tanışam. Hesab edirəm ki, tələbə kreditləri ilə bağlı əksər məsələlər düzgün planlaşdırılıb. Hansısa problem yaranarsa, bu istiqamətdə yeni mexanizm yaradılaraq onları aradan qaldırmaq mümkündür. Bəzi hallarda faizsiz kreditlər sui-istifadə hallarlna yol aça bilər. Nəzərə almaq lazımdır ki, qarşıdakı illərdə inflyasiya və devalvasiya ola bilər. 6 faiz sığortalanma məqsədi daşıyır. Bu faiz məhz bu məqsədlə nəzərdə tutulub və çox böyük deyil. Bəzi ölkələrdə tələbə kreditləri 1-2 faiz arasında dəyişir. Ola bilsin ki, gələcəkdə bizdə də faiz məsələsinə yenidən baxıla bilər. İlkin variantda bu normal göstəricidir. Önəmli olan bu prosesin işə düşməsi idi. Sonrakı mərhələlərdə digər məsələlər də öz həllini tapa bilər ".

Şəbnəm Mehdizadə