Deputatdan Təhsil Nazirliyinin rəhbərliyinə CİDDİ İTTİHAMLAR - "Sorosun dəstəyi ilə..."

 23:11 07.12.2021     6439

"Mən açığı onların iş prinsipini başa düşə bilmirəm. Əksəriyyəti təhsilə aidiyyatı olmayan adamlardır. Özlərini təcrid olunmuş kimi aparırlar. Əksəriyyəti dostluq, qohumluq, sinif yoldaşı, tələbə yoldaşı prinsipi ilə təyin olunublar.Təhsil Nazirliyinin mərkəzi aparatında demək olar ki, mütəxəssis yoxdur. Bunları ancaq qrant və lahiyələr düşündürür. Çünki ordan gələn pulu rahatlıqla silmək olur".

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Etibar Əliyev "yenisabah.az"a müsahibəsində "Azərbaycan təhsilindən gözləntiləriniz nədir? Təhsil Nazirliyi və onun tabeçiliyində olan müəssisələrə xeyli gənc kadr təyin olunub" sualını cavablandırarkən deyib.

"Mən istəmirəm ki, təhsilimiz son illərdəki inkişaf yolundan sapınsın. Sorosun, başqa fondların dəstəyi ilə oxumaq da olar. Ancaq təhsilimizin millilik elementi silinə bilməz. Ölkələr Milli təhsil sistemləri ilə öyünürlər. Cidanı cuvalda gizlətmək olmaz. Təyinatlara diqqət edin:  Gəncə şəhərində Aqrar ixtisasa sahib olan bir adamı Təhsil şöbəsinə müdir qoyublar, Yaxud bank sektorundan qovulmuş birisini Peşə Təhsili Agentliyinə direktor təyin ediblər, Bakı şəhər Təhsil idarəsində insan resursları şəbəsinə müdir vəzifəsinə Fövqəladə Hallar Nazirliyi orqanınlarında kiçik işlərdə işləmiş bir nəfəri təyin ediblər. Mənə məlumat veriblər ki, Fuad Babayev adlı bir məktəb direktoru 3 müavini olmuş qadını da direktor təyin etdirib və bu işi yüksək səviyydə bacardığına görə Bakı Şəhər Təhsil İdarəsinə sektor müdiri gətirilib. Onda bu imtahan oyunları nədir? 

Bakı məktəblərinə nazir müavini vəzifəsindən çıxarılmış Məhəbbət Vəliyeva indi də nəzarət edir. Çünki onların böyük əksəriyyətini əyri yollarla özü təyin elətdirib. Bakı Şəhər Təhsil İdarəsinə təyin etdirdiyi xanım isə onun tapşırıqlarını icra edir. 

Bütün bu informasiyaları, baş verən bu qanunsuzluqlar haqda məlumatları mənə dəqiqliklə İctimai Şuranın üzvü olarkən verirdilər. 

Azərbaycan məktəbləri uçurumun qırağındadır. Bütün bunlar təhsilə qeyri-ciddi və qeyri-peşəkar yanaşmalardır və belə çirkin işlərin qarşısı alınmalıdır", - deyə deputat bildirib.