"İbtidai siniflərdə repetitor hazırlığı çox təhlükəlidir" - ARAŞDIRMA

 12:23 30.12.2021     3366

Təhsil sahəsində ciddi problemlərin olması heç kimə sirr deyil. Bunlardan ən ciddisi isə repetitor hazırlığıdır. Artıq iş o həddə çatıb ki, ibtidai sinif müəllimləri onun yanına hazırlığa gəlməyən azyaşlı şagirdlərə psixoloji təzyiq göstərir. Təəssüf ki, bir çox məktəblərdə belə hallar müşahidə edilir və qarşısının alınması üçün heç bir tədbir görülmür. Məktəb rəhbərliyi də bütün bunları bilə-bilə göz yumur. 

Bəs görəsən, bu problemi necə həll etmək olar?

Mövzu ilə bağlı Redaktor.az-ın suallarını təhsil eksperti Kamran Əsədov cavablandırıb. O bildirib ki, ibtidai siniflərdə repetitor hazırlığının kök salması çox təhlükəli haldır:

“Hazırda 4432 orta ümumtəhsil məktəblərinə 1,6 milyon şagird təhsil alır. Birinci sinifdə təhsil alan şagirdlərin sayı isə 165 min nəfərdir. Ümumilikdə ibtidai sinifdə təhsil alan şagirdlərin sayı 640 mindir. Təəssüf ki, bu gün xüsusilə ibtidai siniflərdə repetitor hazırlığı kök salıb. Əvvəllər yalnız 9-11 ci sinif şagirdləri ali məktəblərə qəbul olmaq və əvvəlki illərdə qazandıqları bilik və bacarıqları təkrarlamaq üçün hazırlıq kursları və repetitor yanına gedirdi. İndi isə ibtidai sinif və hətta məktəbəqədər hazırlığa gedən şagirdlərin valideynləri övladlarını hazırlıq kursuna göndərir. Bunun da özlüyündə müxtəlif səbəbləri var. Təkcə Bakının 320 orta məktəbinin 48 min şagird birinci sinfə gedir. Birinci siniflərdən şagird sıxlığı normadan iki dəfə artıqdır. Yəni, bir sinifdə 20-25 şagird olmalı halda, hər sinifdə 37-40 şagird təhsil alır. Bu qədər şagirdə 45 dəqiqə ərzində müəllim lazımi informasiyanı və bilik və bacarıqları ötürə bilməz”.

Ekspert bildirib ki, məktəb dərsliklərinin  informasiya yükü də kifayət qədər ağırdır:

“Şagirdlər bu qədər informasiyanı təkbaşına mənimsəyə bilmir. Bütün bu amillər ibtidai siniflərdə repetitor hazırlığının yayılmasına öz təsirini göstərir. Mövcud vəziyyət xoş deyil. Bundan sui-istifadə edən bəzi müəllimlər isə şagirdləri öz yanına repetitorluq xidmətinə cəlb edir. Problemin aradan qaldırılması üçün məktəblərdə şagird sıxlığını azaltmaq lazımdır. Siniflər əlavə qruplara bölünməlidir. Dərsliklərin də sadələşdirilməsi çox vacibdir. Müəllimlərin əmək haqqı da məsələyə öz təsirini göstərir. Bəzi hallarda müəllim bu xidməti göstərməyə məcbur olur. Lakin repetitor yanına hazırlığa gedən azyaşlı şagirdlər öz yaşlarına uyğun uşaqlıq dövrünü yaşaya bilmir. Asudə vaxtlarını səmərəli keçirə bilmir. Bu da onlarda görmə problemi, onurğa sütununun əyriliyinə və digər psixoloji xəstəliklərə gətirib çıxarır. Bunlar ciddi məsələlərdir və mövcud problemin aradan qalxması üçün lazımi işlər görülməlidir”.

Təhsil eksperti Nadir İsrafilov bildirdi ki, müəllimin şagirdi nəyəsə məcbur etməsi düzgün deyil:

“Azərbaycanda repetitorluq məsələsinə birmənalı yanaşılmır. Ölkəmizdə bu fəaliyyət hələ də rəsmiləşdirilməyib və qeyri-fəaliyyət sahəsidir. Dünya ölkələrində bununla bağlı təcrübə var. Valideyn öz istəyi və arzusuyla övladını müəllimin yanına əlavə hazırlığa göndərə bilər. Repetitorluq ali məktəblərə hazırlıqla bağlı idi. Lakin sonradan 8 və 6 cı siniflərə qədər endi. İndi isə valideynlər ibtidai sinfə gedən övladını repetitor yanına hazırlığa göndərir. Bu isə birtərəfli inkişafa səbəb olur. Şübhəsiz ki, bütün bunlar məktəb mühitinə təsir edir. Bəzi müəllimlər sırf bu səbəbə görə məktəbdə öz dərsini ürəkdən demir. Müəllimlər istəyir ki, şagirdlər onun yanına əlavə hazırlığa gəlsin. Bu da maddiyata bağlı olan məsələdir. Təəssüf ki, bir çox hallarda uşaqlara təzyiq halları müşahidə olunur. Bəzi müəllimlər şagirdlərə açıqca deyir ki, niyə mənim yox, başqa müəllimin yanına hazırlığa gedirsən. Bu məsələ çox çətin və uzundur və illərdir öz həllini tapa bilmir. Repetitorliq fəaliyyətinin tərəfdarları və əleyhdarları olsa da, bu fəaliyyət məktəb mühitinə təsir edir. Vaxtilə məktəb elm məbədgahı hesab edilirdi. Lakin indi bu belə deyil. O vaxt Təhsil Nazirliyi ilə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası, yəni indiki Dövlət İmtahan Mərkəzi arasında soyuq müharibə olub. Dövlət İmtahan Mərkəzi hesab edirdi ki, məktəblər şagirdlərə lazımi bilik və bacarıqları verə bilmir. Ali məktəblərə qəbul imtahanlarında orta məktəb kitablarında olmayan suallar salınırdı. Ona görə də bu məsələnin üstünə getmək lazımdır. Çünki müəllim-şagird münasibətlərinə ciddi mənfi təsir göstərir. Bəzi müəllimlər deyir ki, bu dərsi sənə mən deyirəmsə, sən niyə başqa müəllimin yanına hazırlığa gedirsən. Valideyn də hesab edir ki, filan müəllim bu müəllimdən daha güclüdür. Bəzən isə valideynin ümumiyyətlə hazırlığa göndərməyə pulu olmur. Təəssüf ki, hazırda bu prosesin rəsmi qaydada qarşısını almaq mümkün deyil. Amma bu məsələyə mütləq qiymət verilməlidir”.

Psixoloq Nərgiz Süleymanlı bildirdi  ki, şagirdlər məktəbdə həm müəllimlərin, həm də şagirdlərin psixoloji təzyiqi ilə üzləşirlər:

“Bu ən çox müəllimlərin şəxsi keyfiyyətləri ilə bağlı olan bir məsələdir. Bununla bağlı məktəb psixoloqları mütləq şəkildə iş görməlidir. Müəllimin uşaqdan gözləntisi olmalı deyil. İstər valideynlər, istər şagirdlər, istərsə də müəllimlərlə psixoloji iş aparılmalıdır. Bəzən valideyn maddi imkanı çatmadığı üçün övladının müəllim yanına hazırlığa qoya bilmir. Nəticədə uşaq müəllim tərəfİNdən psixoloji təzyiqlə üzləşir. Anonim şəkildə bu məsələlər araşdırmalıdır. Əvvəllər abituriyentlər arasında belə hallar çox idi. İndi hətta ibtidai siniflərdə də bənzər situasiya müşahidə edilir. Məktəb rəhbərliyi bu məsələdə aktiv olmalıdır. Hansısa sinifdə müəllimin şagirdlərə təzyiq və bullinq halları varsa, bu, dərhal müəyyən edilməlidir. Bəzən uşaqlar bunu hətta evdə belə deyə bilmir. Çünki “məktəbdə olan məktəbdə qalmalıdır” prinsipi var. Bu prinsipi uşaqların şüuraltına yeridirlər. Ona görə də valideyn bəzən hər şeydən bixəbər qalır. Uşaqlar ağır stress yaşayır və bu stress onların sağlamlığına ciddi təsir edir. Ona görə də müəllimlə profilaktik söhbət edilməlidir. Bullinqin dərəcəsindən asılı olaraq hətta müəllimə töhmət də verilə bilər”.

Şəbnəm MEHDİZADƏ