ADU-da imtahan sessiyasını izləmək üçün mediatur təşkil olundu - FOTO

 17:03 07.01.2022     1097

Yanvarın 7-də Azərbaycan  Dillər Universitetində  (ADU) 2021-2022-ci tədris ilinin payız semestrinin qış imtahan sessiyasının gedişini müşahidə etmək məqsədi ilə təhsil ekspertləri,  KİV nümayəndələri,  QHT təmsilçiləri və  tələbə valideynlərinin iştirakı ilə mediatur təşkil olunub. Mediaturda millət vəkili Etibar Əliyev,  professor  Şahlar Əsgərov, Yazıçılar Birliyinin sədr müavini, “525-ci qəzet”in baş redaktoru  Rəşad Məcid, “Moderator.az” saytının baş direktoru  Zülfüqar Hüseynzadə, təhsil ekspertləri  Nadir İsrafilov, Kamran Əsədov, Zöhrab Süleyman və müxtəlif KİV təmsilçiləri iştirak edib. Onlar ADU-da təşkil olunan imtahanların gedişini izləyiblər.

Redaktor.az xəbər verir ki, daha sonra qonaqlar ADU-nun rektoru, akademik Kamal Abdulla ilə görüşüblər. Təşkil olunan mediaturun əhəmiyyətindən danışan rektor universitet həyatında önəmli yer tutan imtahan prosesi ilə bağlı fikirlərini bölüşüb. Qeyd olunub ki, Azərbaycan Dillər Universiteti öz elmi potensialını günü-gündən artırmaqdadır, tələbələrin bilik və bacarıqlarının inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atılır. ADU-da ancaq nəzəri biliklərin deyil, təcrübi biliklərin də tələbələr üçün əlçatan olmasının vacibliyi xüsusi olaraq vurğulanıb.

Rektor əlavə edib ki, ADU-da 20-dən artıq dil tədris olunur. Universitetdə müxtəlif ölkələrin dil və mədəniyyət mərkəzləri fəaliyyət göstərir. Universitet öz beynəlxalq əlaqələrindən istifadə edərək xarici ölkələrin universitetlərində Azərbaycan dili və mədəniyyəti mərkəzlərini yaratmağa nail olub: “Məqsədimiz imkanlarımız daxilində Azərbaycanın dilini, mədəniyyətini təbliğ etmək, ölkəmizin tanıdılmasına töhfə verməkdir”.

Kamal Abdulla daha sonra bildirib ki, qış imtahan sessiyası fevralın 5-dək davam edəcək. Hazırda Azərbaycan Dillər Universitetində 7 mindən çox tələbə təhsil alır. Gün ərzində universitetin korpuslarında ümumilikdə 1500 tələbə imtahan verir. İmtahanların keçirilməsi zamanı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi tərəfindən hazırlanmış “İmtahanlar zamanı koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair metodiki göstərişlər”ə və Nazirlər Kabinetinin 2020-ci il 10 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”na ciddi riayət olunduğu qeyd edilib.

Millət vəkili Etibar Əliyev, professor Şahlar Əsgərov, təhsil eksperti Kamran Əsədov və başqaları yaradılan şəraitə görə universitet rəhbərliyinə təşəkkür edib, tələbələrə imtahan prosesində biliklərini nümayiş etdirmək üçün əlverişli imkanların yaradılmasından danışıblar. Qeyd olunub ki, artıq uzun müddətdir imtahan prosesini  izləmək  üçün  ADU-da mediaturlar təşkil olunur, təhsillə bağlı aparılan işlər açıq şəkildə nümayiş olunur.

Daha sonra KİV nümayəndələri imtahanların gedişi ilə bağlı fikirlərini bölüşüb, sual və təkliflərini veriblər.

Qeyd edək ki, ADU-da 2021/2022-ci tədris ilinin payız semestrinin imtahan sessiyasını  mövcud qaydalara uyğun təşkil etmək, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək, habelə imtahanların təşkilində və gedişində nöqsanlara, neqativ hallara yol vermiş şəxslər barədə mövcud qanunvericiliyə uyğun tədbirlər görülməsinə kömək etmək məqsədi ilə İmtahan Qərargahı fəaliyyət göstərir.

22222