"Dövlət Komitəsi direktorun şagirdləri döyməsinə niyə göz yumdu?"

"Bakı şəhəri 9 nömrəli tam orta məktəbin direktoru Zinyət Əhmədova təkcə “Müəllimlərin etik davranış Qaydaları”nın tələblərini pozmayıb, eyni zamanda Beynəlxalq Uşaq hüququları, İnsan hüquqları haqqında Azərbaycanın da üzv olduğu konvesiyaları pozub".
Bunu Redaktor.az-a beynəlxalq hüquq üzrə ekspert, siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Əliyev bildirib.
Onun sözlərinə görə, bu növ zorakılıqlar uşaqların mənəviyyatının məhv olmasına gətirib çıxarır:
"Belə hallar onların sağlamlığına, təhsilinə və ünsiyyət qabiliyyətinə mənfi təsir edir. Uşaqda uzunmüddətli xəsarətlərə səbəb ola biləcək fiziki və emosional izlər buraxır. Aparılan tədqiqatlardan məlum olur ki, zorakılıqdan zorakılıq törəyir: zorakılığa məruz qalan uşaq gələcəkdə bir valideyn kimi zorakılıq tətbiq etməyə meyilli olacaq!".
Zaur Əliyev şagirdləri döyən direktorun əməli ilə bağlı susqunluq nümayiş etdirən dövlət qyrymlarını da qınayıb:
"Uşaq Hüquqları Konvensiyanın 19-cu maddəsində yazılır ki, “İştirakçı-dövlətlər uşaqları onlara valideynlər, qanuni qəyyumlar və ya uşağa qayğı göstərən digər şəxslər tərəfindən hər növ fiziki və psixoloji zorakılıqdan, təhqirdən, süi- istifadədən, laqeyd və etinasız münasibətdən, kobudluqdan, istismardan, o cümlədən cinsi zorakılıqdan qoruyur”.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi niyə bu fakta göz yumdu? Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) hara baxırsız?
Bizim təhsil naziri ola bilsin xahiş və tapşırığa baxıb sonuncu xəbərdarlıqla şiddətli töhmət verib bu cinayətkar direktora. Amma onu qovmaq və müəllim peşəsindən azad etmək lazımdır!
Mən BMT-nin bu üzrə məsul qurumuna və Avropa Şurasının rəsmi saytına yazacam ki, ölkədə uşaqlara qarşı zorakılıq edən şəxsə Təhsil Nazirliyi konkret tədbir görməyib".
Qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin bu gün yaydığı məlumata görə, Bakı şəhəri 9 nömrəli tam orta məktəbin direktorunun şagirdlərlə uyğun olmayan davranışının əks olunduğu videogörüntü ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən araşdırma aparılıb. Araşdırmanın nəticələrinə əsasən, məktəbin direktoru Zinyət Əhmədovaya “Müəllimlərin etik davranış Qaydaları”nın tələblərini pozduğunu nəzərə alaraq əmək fəaliyyətində yol verdiyi nöqsanlara görə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.
T.İSMAYIL