"Təhsil nazirimiz ayaqyalındır" - Hafiz Hacıyev
Son günlər ölkəmizdə koronavirusa (COVİD-19) yoluxma sayı rekord həddə çatıb. Gündəlik yoluxma artıq 7 mindən çoxdur. Hazırda ölkəmizdə rəsmi olaraq 46 min aktiv koronavirus xəstəsi var. Ən çox yoluxanlar isə insanların daha sıx toplaşdığı təhsil müəssisələrində baş verir. Bunu sosial şəbəkələrdə müəllimlərə aid qruplardakı şərhlərdən də bilmək olar. Müəllimlərin böyük əksəriyyəti yoluxmalara görə, tədrisin müvəqqəti olaraq distanta keçirilməsinin tərəfdarıdırlar. Lakin nə Təhsil Nazirliyi, nə də Nazirlər Kabineti yanında Operativ Qərargah kütləvi yoluxmaların qarşısını almaq üçün hansısa qərar vermir. Müəllimlər və valideynlər yazırlar ki, yoluxmalara görə aldıqları məvacib tamamilə koronavirusdan müalicəyə sərf olunur.
Məsələ ilə bağlı Redaktor.az-a danışan Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bildirdi ki, təhsil sistemimizdə anormal bir vəziyyət yaranıb.
“Təhsilimiz bərbad gündədir. Ona görə də məktəblərdə yoluxmaların artması ilə bağlı heç bir tədbir görülmür. Təhsil nazirimiz ayaqyalındır. O, təhsildən xəbəri olmayan bir adamdır. Nazirin bu sahədə görəcəyi işlərə inanmaq lazım deyil. Bizim balalarımız soyuq və şəraitsiz məktəblərdə təhsil alır. Məktəblərdə bu məsələ ilə bağlı ciddi tədbir görülməli, təcili şəkildə onlayn tədrisə keçilməlidir. Onsuz da məktəbdə bu gün dərs keçirilmir. Hamı evdə özünə şərait yaradıb, uşaqlarına müəllim tutub. Təhsil naziri istefa verib getməli, etiraf eləməlidir ki, mən bu sahəni bacarmadım və batırdım. Biz övladlarımızı ona etibar etməməliyik”.
Yeri gəlmişkən, sosial şəbəkələrdə Nazirlər Kabineti yanında Operativ Qərargahın sürətlə yayılan "omikron" ştamının qarşısını almamasını dərman şirkətləri ilə əlaqələndirənlər də var. Yazılan şərhlərə görə "omikron"un geniş yayılması dərman şirkətləri üçün göydəndüşmə fürsətdir...
Partiya sədri bu məsələ ilə bağlı da, fikirlərini bölüşdü.
“Cavanşir Feyziyev saxta dərmanlarla milyardlar qazandı. Londonda onun pulunu əlindən alıb, başına da bir qapaz vurdular. Belə "banditlər", "juliklər" ölkəni talan edir. Koronavirusa aid olmayan dərmanları xahiş edib siyahıya salırlar ki, təki satılsın. Bütün bunlar Cavanşir kimi adamların varlanması üçün yaradılan şəraitdir. Ona görə də vəziyyət belə davam edə bilməz. Bu biabırçılığa dözmək olmaz. Lazımi tədbirlər görülməlidir. Müəyyən maraqlı qüvvələr var ki, onlar ölkədə belə ümidsizlik sindiromu yaradırlar. Xalqın səhiyyə sisteminə inamı yoxdur. Təzə səhiyyə naziri görək nə iş görəcək. Ciddi proseslər gedir. Hər halda zaman hər şeyi göstərəcək. Dərman mafiyası məhz buna görə karantinə icazə vermir. Onlar vəziyyəti bu cür saxlamağa çalışır”, - deyə Hafiz Hacıyev bildirdi.
Şəbnəm Mehdizadə












