Yeni semestrdə dərslər hansı qaydada təşkil olunacaq? - SORĞU

 17:51 14.02.2022     17324

Xəbər verdiyimiz kimi, Bakı Dövlət Universitetində (BDU) 2021/2022-ci tədris ilinin yaz sessiyası hibrid formada təşkil olunacaq. Bu barədə BDU Elmi Şurasının bu gün keçirilən növbəti iclasında qərar qəbul edilib. Elmi Şuranın iclasında 2021/2022-ci tədris ilinin yaz sessiyasının da payız sessiyasında olduğu kimi, həftənin 2 günü onlayn, 3 günü ənənəvi qaydada olmaqla hibrid formada təşkil edilməsi barədə qərar verilib.

Maraqlıdır, digər universitetlər yeni semestrdə tədrisin hansı formasına üstünlük verəcək?

Redaktor.az olaraq mövzu ilə bağlı sorğu keçirdik.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetininin mətbuat xidmətinin rəhbəri Bəhruz Nəzərov bildirdi ki, 2021-2022 tədris ilinin ilk semestrində əyani tədris olub:
“Nazirlər Kabinetinin qərarına əsasən tələbələr auditoriyanın tutumunun 70 faizdən çox hissəsini təşkil etməməlidir. Buna görə də bir qisim tələbələr onlayn tədrisə qoşulurdu. Yəni tələbə iki həftə auditoriyada, iki həftədən sonra onlayn dərslərdə iştirak edir. Yeni semestrdə də tədrisə bu formatda davam edəcəyik. Onlayn formatda tədrisə qoşulan tələbələrin maksimal limitini təmin etmək üçün bütün auditoriyalar lazım olunan texniki avadanlıqlarla təchiz olunub. Bu tələbələrin dərsdə effektiv iştirakını təmin edir”.

Azərbaycan Dillər Universitetində bu məsələ barədə bir qərar verilməyib. Universitetin mətbuat xidmətinin əməkdaşı Cavid Zeynallının sözlərinə görə, yaxın günlərdə bu məsələ Elmi Şuranın iclasında müzakirə ediləcək.

"Bu iclasdan sonra qərar verilə bilər. Ötən semestrdə dərslər əyani formada təşkil olunurdu”,- C.Zeynallı vurğuladı.

Memarlıq və İnşaat Universitetinin (ADMİU) Mətbuat və informasiya şöbəsinin rəhbəri Nəcibə Mirzəyeva sualımıza cavab olaraq dedi ki,   hazırda bu məsələ ilə bağlı rektorluğun iclası keçirilir:
“Qərar orada veriləcək. Hələlik məsələnin nə yerdə olması elan olunmayıb”.

Cari dərs ilinin ilk yarımilliyində Azərbaycan Dövlət İqtisad Universitetində tədris hibrid formada təşkil olunub. Bunu bizə sözügedən universitetin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnarə Məmmədova söylədi:
“Birinci semstrdə Mühazirələr online qaydada, seminarlar isə əyani formada keçirilirdi. Yeni semestrdə də eyni qaydada olacaq. Magistrlar üçün isə dərslə ənənəvi qaydada keçəcək.”.

Xəzər Universitetinin mətbuat xidmətindən bildirildi ki, hələlik bu barədə qərar yoxdur:
“Universitetdə bu məsələ ilə bağlı yaxın günlərdə qərar veriləcək. Yoluxma sayının artdığını biz də görürük. Amma bununla bağlı konkret qərar yoxdur. Ötən semestrdə dərslər ənənəvi formada keçirilirdi. Hələlik, tələbələr qeydiyyatdan keçir. Rayonlardan gələn tələbələr dərsə gəlmirlər. Yəqin ki, sabah rektorluq bununla bağlı öz fikrini bildirəcək”.

Şəbnəm Mehdizadə

Vumart və Güvən reklamı Vumart Güvən