"İmtina alan tələbələrin çoxunun akademik borcu var, lakin evdə demir" - Tələbə Krediti Fondunun rəhbəri
Xəbər verdiyimiz kimi, 2021-2022-ci tədris ilinin yaz semestri üzrə təhsil tələbə krediti almaq üçün müraciətlərin qəbuluna başlanılıb. Təhsil Nazirliyinin məlumatına görə, ötən semestr tələbə krediti üçün 5 651 müraciət qeydə alınıb. Onlardan 2 447-si rəsmiləşdirilib, təhsil haqqı ödənilib.
Maraqlıdır, müraciət edənlərinn təxminən 50 faizə qədəri tələbə kreditindən yararlana bilib. Bəs görəs, seçim zamanı hansı meyarlar əsas götürülüb ki, qalanları bu imtiyazdan kənarda qalıb? Həmçinin, niyə hər semestr üzrə tələbə sənəd toplamaq məcburiyyətində qalır? Bu kreditlər bütöv tədris ili üçün verilə bilməzmi?
Mövzu ilə bağlı Redaktor.az-ın suallarını Təhsil Tələbə Krediti Fondunun rəhbəri Araz Paşayev cavablandırdı. O, bildirdi ki, müraciət edənlərin 1900 nəfəri bu məsələyə aidiyyatı olmayanlardır.
.png)
"Bizim sistemə təhsil tələbə krediti almaq hüququ olan 3700 nəfər müraciət edib. Onlardan 2600 nəfəri kredit alıb və müqavilələri rəsmiləşib. 580 nəfər isə imtina alıb. Sosial tələbə təhsil krediti, standart tələbə kreditinin hər biri ilə bağlı Nazirlər Kabineti tərəfindən təsdiq edilən qaydalar və şərtlər var. İmtina alan tələbələrin bir çoxunun akademik borcu var. Lakin bunu evdə deyə bilmirlər. Onlar sistemə müraciət edəndən sonra müəyyən həmin tələbələrin kəsirlərin olması meydana çıxır. Dərhal ona imtina verilir. Müraciət edənlər arasında qiyabiçilər də var. Keçən həftə imtina alan tələbə sayı 600 idisə, bu həftə 560-a düşüb. Çünki tələbələri bəziləri sosial tələbə təhsil kreditinə müraciət edir və imtina alır. Məlum olur ki, valideyni işlədiyi üçün o, sosial tələbə krediti ala bilməz. Sonradan tələbəyə standart tələbə krediti təklif edilir. Tələbə də fikirləşib yenidən standart tələbə kreditinə müraciət edir və müsbət cavab alır. Deməli tələbə bir dəfə imtina almasına baxmayaraq ikinci dəfə müraciət edib kredit ala bilir",- o, dedi.
A.Paşayev onu da qeyd etd ki, təhsil tələbə krediti almaq üçün notarial ərizə cəmi bir dəfə alınır və hər semestr bu ərizəni almağa ehtiyac yoxdur:
"Dördüncü kursa qədər bu ərizənin nömrəsini və şəxsiyyət vəsiqəsinin sistemə yazdıqda onun haqqında bütün məlumatlar əks olunur. Bu qaydalarda da öz təsbitini tapıb. Digər tərəfdən Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən hüquqi tərəf subyekti olmaq üçün insanın 18 yaşı tamam olmalıdır. 18 yaşı olmayan şəxs adi bank kartı aça bilmir. Mən niyə bu adama dövlətin vəsaitini verməliyəm? Bu adamı necə müqavilə tərəfi edim? Bəlkə o tələbə evdən pul aldıqdan sonra bizdən də kredit almaq istəyir. Beş ildən sonra valideyn gəlib deməzmi ki, mənim övladıma kimdən icazə alıb kredit vermisiniz? Biz orta-ixtisas, yüksək texniki peşə təhsilinə kredit veririk. Bu tələbələrin 15-16 yaşlı var".
Fond rəhbəri təhsil kreditinin yarım semestr üçün verildiyi təsdiq edib bunun səbəblərini açıqladı:
"Elə tələbə var ki, sentyabrda kredit ala bilər. Lakin tədris ilinin sonuna kimi onun 20 kəsri ola bilər. O növbəti il də gələcək ki, atam, anam işləmir, mənə kredit verin. Bu kredit tələbəyə təhsil almağa imkan yaratmaq üçün verilir. Yaxşı göstəriciləri olan tələbəyə həmin kreditin 50, 25 faizi bağışlanır. Tələbə krediti bir illik ola bilməz. Biz bu qaydanı məqsədli şəkildə qoymuşuq. Çünki biz hər semestr tələbənin oxumasını təmin etməliyik. Bu gün hamı bu məqamdan şikayətlənir. Lakin heç kim açıb qaydalarla tanış olmaq istəmir. Bu qaydalar Təhsil Tələbə Krediti Fondunun şıltaqlığı deyil, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələbidir”.
Mövzu ilə bağlı uzun illər təhsil sahəsində çalışmış Milli Məclisin deputatı Ceyhun Məmmədovun da fikirlərini öyrəndik.
Müxbirimizlə söhbətində o da, təhsil kreditinin semestr üçün verilməsinin məqsədəuyğun olmasını müdafiə etdi:
"Təhsil kreditləri bağlı müxtəlif məqamlar zaman-zaman müzakirə edilib. Bu kreditlərin verilməsində bir neçə məqam nəzərə alınır:
Məsələn, əsas olaraq tələbənin müvəffəqiyyət göstəricisinə baxılır. Əgər tələbə imtahanlardan kəsilirsə kredit almaya bilər. Bir semestr qurtardıqdan sonra tələbələrin nəticələrinə baxılaraq növbəti semestr üçün onlara kredit verilir. Tələbə kreditini birdəfəlik vermək çətindir və mümkün deyil. Ola bilər ki, zaman keçdikcə bu məsələyə yenidən baxılsın. Şərtlərdən biri də 300 bal məhdudiyyətdir. Əgər tələbə 300-dən az bal toplayıbsa kredit üçün müraciət edə bilməz. Yüksək göstəricilərlə birinci semestri başa vuran tələbə ikinci semestr üçün kredit ala bilər. Yəni müəyyən şərtlərin qoyulma səbəbi ondan ibarətdir ki, kredit verilməsi barədə qərar semestrin sonunda qəbul edilir".
Millət vəkili təhsil kreditiilə bağlı bütün məsələrin zaman-zaman müzakirə edilib həllinə nail olunacağına, çatışmamazlıqların aradan qaldırılmasına inamını ifadə etdi. Onun sözlərinə görə, gələcəkdə bəzi məsələlərə yenidən baxıla bilər:

"Ümumi baxanda hər kəs deyə bilər ki, niyə tələbə ildə iki dəfə sənəd toplamalıdır. Amma bunun da özlüyündə səbəbləri var. Bu fond yeni yaradılıb. Artıq tələbələrin bəziləri bu kreditlərdən yararlanıb. Kreditləri verməkdə əsas məqsəd gəncləri təşviq etmək və stimullaşdırmaqdır. Təbii ki, narazılıqlar da var. Bəzi məsələlər cəmiyyətdə müzakirə ediləcək. Bununla bağlı təkliflər irəli sürülür. Zamanla qaydalara bəzi dəyişikliklər edilə bilər. Səbirli olmaq lazımdır. Vətəndaşları narahat edən bu və ya digər məsələlər də zamanla baxılacaq və təhlil ediləcək. Ola bilsin ki, gələcəkdə bu məsələyə yenidən baxılsın. Amma hələlik bu məsələ Milli Məclisdə müzakirə edilməyib".
Şəbnəm Mehdizadə












