Məktəblərin damı niyə uçur? - Ekspert: "Ciddi pul yeyintiləri var"

 17:41 05.04.2022     3025

Xəbər verdiyimiz kimi, aprelin 4-də Bakıda və Abşeron yarımadasında əsən güclü külək nəticəsində paytaxtdakı 278 nömrəli məktəbin, Xırdalan şəhərində isə 9 nömrəli tam orta məktəbin dam örtüyü uçub. Xoşbəxtlikdən hadisə dərs zamanı baş verdiyi və məktəbin həyətində insan olmadığı üçün xəsarət alan olmayıb.

Məktəb damlarının uçması heç də ilk dəfə baş vermir. Dəfələrlə Bakıda güclü külək nəticəsində damların uçması hadisəsi baş verib. Lakin nədənsə çox zaman uçan məktəb binalarının dam örtüyü olur.

Buna səbəb nədir? Hər hansısa səhlənkarlıq və ya qanunsuzluqdan söhbət gedə bilərmi?

Mövzu barədə Redaktor.az-a açıqlama verən təhsil eksperti Kamran Əsədov deyir ki, təhsil müəssisələri xüsusi bir müəssisədir və burada kifayət qədər insan gündəlik prosesdə iştirak edir:

“Ölkə üzrə biz baxsaq 4432 orta ümumtəhsil məktəbində 1.6 milyon şagird təhsil alır. Hazırda ölkənin orta ümumtəhsil məktəblərinin 51 faizində şagird sayı 200-ə qədər və 49 faizində 200-dən çox şagird var. Hətta bizim Xırdalanda yerləşən məktəblərdə 6500 nəfərdən çox şagird oxuyur. Təkcə Binəqədi qəsəbəsində 4 məktəbdə 20 mindən çox şagird təhsil alır. Yəni hər gün 1 milyon yarımdan çox insan tədris prosesində şagird olaraq, 151 min insan müəllim olaraq iştirak edir və digər texniki işçilər də var”.

Ekspert bildirdi ki, tikinti normalarına riayət edilməməsi yekunda insanların həyatına çox ciddi təhlükə yarada bilər:

“Nəzərə alsaq ki, Azərbaycan iqlim olaraq mütəmadi küləklərin olduğu ərazidir və burada məktəblərin tikintisində bu amil nəzərə alınmalıdır. Çox təəssüf ki, Azərbaycanda məktəb tikintiləri ilə bağlı tenderlərin heç biri şəffaf deyil. İlkin planda qeyd olunan tikinti normalarına riayət edilmir. Bu, ciddi bir qüsurdur. Biz baxanda görürük ki, misal üçün bəzi bölgələrdə qarın qalınlığı bir az artan kimi məktəblərin damında çöküntülər baş verir və yaxud da bir az külək əsən kimi dam örtükləri uçur və ya digər ciddi xəsarətlər baş verir”.

Kamran Əsədov qeyd etdi ki, binaların tikintisi zamanı bir sıra məsələlər nəzərə alınmalıdır:

“Qeyd edim ki, orta ümumtəhsil məktəblərinin tikintisi Nazirlər Kabinetinin 2012-ci ildə qəbul edildiyi 171 saylı qərarı əsasında həyata keçirilir və bu, tikinti normalarına riayət edilməlidir. Binaların tikintisi zamanı orada mütləq şəkildə həmin ərazinin iqlimi, rütubətliliyi, küləyin gücü, hətta zəlzələ ehtimalına qədər hər biri nəzərə alınır. Amma biz baxırıq ki, adi bir külək olan kimi bu hadisələr baş verir. Özüdə son illərdə tikilən məktəb binalarında olur. Bu onu göstərir ki, tenderlərdən sonra ciddi pul yeyintiləri, ciddi pozuntular var. Böyük bir qüsurdur. Cəzalandırma tədbirləri həyata keçirilməlidir. Yəni Təhsil Nazirliyinin tikintiyə nəzarət edən şöbələri və yaxud da bu tenderi həyata keçirənlər, bu tenderdə iştirak edənlər mütləq bu amili nəzərə almalıdırlar ki, orada insan taleyidir və insanlar orada tədris prosesində iştirak edirlər. Digər tərəfdən isə bu birinci, beşinci hal deyil. Biz bunu ilin 4 fəslində də görə bilirik. Bu və ya digər formada tikinti normalarına riayət edilməməsini biz müşahidə edirik. Bunlar ciddi faktorlardır”.

Ekspertin sözlərinə görə, məktəblərin tikintisində yeyinti halları mövcuddur:

“Mən inanıram ki, bu məsələlər obyektiv araşdırılacaq. Təhvil prosesi həyata keçirilmir. Digər tərəfdən problem bununla bitmir. Məsələn, modul tipli məktəblər var. Təsəvvür edin bir modul tipli məktəbin tikintisi 320 min manata başa gəlir. Halbuki onun real qiyməti heç 40-50 mindən artıq deyil”.

Kamran Əsədov əlavə etdi ki, məktəb binaları Təhsil Nazirliyi tərəfindən təhvil alınmalıdır:

“Məktəblərin dam örtüyünün normaları qeyd olunur. Orada xüsusi damı saxlayan şəbəkənin xüsusi dəmirdən və yaxud da möhkəm taxtadan olması qeyd olunur. Amma çox təəssüflər olsun ki, orta ümumtəhsil məktəblərinin inzibati binasının tikintisini həyata keçirən podrastçı şirkətlər bir çox hallarda tikinti qaydalarına riayət etmirlər. İkincisi, burada problemli məsələ məktəblər tikilib istifadəyə verildikdən sonra onun Təhsil Nazirliyi və yaxud da digər təhsil qurumları tərəfindən təhvil alınmasıdır. İndiyənə qədər tikilib istifadəyə verilmiş 3500 məktəb binasının heç biri tikinti başa çatdıqdan sonra təhvil alınmayıb. Yalnız məktəblər açılıb və şagirdlər məktəb binasına gedirlər”.

Həmsöhbətimiz həmçinin bildirdi ki, dövlətin məktəb tikintisinə ayırdığı vəsaitin hamısı ora xərclənmir.

“Təsəvvür edin Bakıda elə məktəb binaları var ki, məsələn 225 nömrəli orta ümumtəhsil məktəbi, Sabunçu və Suraxanıda yerləşən məktəblərdə bir il ərzində onların hətta iki dəfə dam örtükləri aşıb. Bu onu göstərir ki, müəyyən qurum və şəxslər, hətta müvafiq nazirliyin özü bu işdə təbii ki, müəyyən pay sahibidir. Biz bilirik ki, dövlət tərəfindən tikintiyə ayrılmış vəsaitin heç də hamısı həmin binanın tikintisinə sərf edilmir”, - deyə təhsil eksperti vurğuladı.

Zərif Ülviqızı

Vumart və Güvən reklamı Vumart Güvən