“Təlim-tərbiyə yeni qaydalarla olacaq” – Ekspert nazirin kurikulum qərarını ŞƏRH ETDİ
Təhsil naziri Emin Əmrullayev “Məktəbəqədər təhsil proqramı (kurikulum)”nı təsdiqləyib. Əmrə əsasən, Təhsil Nazirliyinin 1998-ci ildə təsdiq edilmiş “Məktəbəqədər müəssisələrdə tərbiyə və təlim proqramı” və Nazirliyinin 10 iyul 2012-ci il tarixli 1329 nömrəli əmri ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında məktəbəqədər təhsil proqramı (kurikulumu) (3-6 yaş)” ləğv edilib.
Təhsil nazirinin yeni qərarını Redaktor.az-a şərh edən təhsil eksperti Kamran Əsədov deyir ki, bu, sadəcə köhnə sənədin yeni versiyada hazırlanmasıdır:
“Nazirin imzaladığı qərar heç də o demək deyil ki, orta ümumtəhsil məktəblərində və ya ümumiyyətlə Azərbaycanda kurikulum ləğv edilib. Bu yanlış yanaşmadır. Sadəcə 2012-ci ildə köhnəlmiş bir sənədin yeni versiyada qəbulu nəzərdə tutulub. Bu o demək deyil ki, məktəbəqədər təhsil müəssisələrində kurikulum olmayacaq. Sadəcə o kurikulum işləmirdi və şagirdlərin fiziki, mənəvi, psixoloji inkişafını təmin etmirdi. Həmin kurikulumda məktəbəqədər təhsilin fəlsəfəsi yox idi”.
Ekspertin sözlərinə görə, artıq bağçalar yeni təlim-tərbiyə qaydaları ilə fəaliyyət göstərəcək:
“Bağçalar yenə fəaliyyət göstərəcək. Bura uşaqlar yenə gedəcəklər. Təlim-tərbiyə yeni qaydalarla olacaq. Sadəcə olaraq yenisində tələbyönümlülük olacaq, uşaqlarda idraki maraq və fəaliyyətin formalaşdırılması əsas priotet kimi götürüləcək. Bu istiqamətdə işlər var. Məktəbəqədər təhsilin kurikulumu yenə də olacaq. Burada indi nəticəyönümlülük, uşaqyönümlülük, inkişafyönümlülük, inkluzivlik əsas götürülməlidir. Köhnə sənəddə bunlar yox idi. Sadəcə köhnə sənəd ləğv olunub. Yeni bir formatda, yeni redaktədə veriblər. Burada hər hansı bir yenilik yoxdur”, - deyə K.Əsədov bildirdi.
Zərif ÜLVİQZI












