“Kurikuluma keçəndə tələsgənliyə yol verdik, gec-tez ləğv olunacaq” - Ekspertdən müəllimlərlə bağlı TƏKLİF

 16:46 27.04.2022     33437

"Müəllimi imtahan etmək lazımdır, amma lazımsız suallarla yox".

Bunu Redaktor.az-a tanınmış təhsil eksperti Nadir İsrafilov müəllimlərin işə qəbul imtahanlarında (MİQ) kurikulumla bağlı suallardan narazılıqlarla bağlı danışarkən bildirib.

“İmtahan lazımdır. Müəllim ya yeni gəlir, ya bir müddətdən sonra imtahan verir. Onun biliyinin nə səviyyədə olmasını aydınlaşdırmaq lazımdır. Amma o imtahan ona xidmət etməli deyil ki, müəllimə qarşı lazımsız, mənasız, ehtiyac, tələb olmayan, onun çaşqınlığına səbəb olan və s. suallar olsun. Müəllimlərin işə qəbulu imtahanı ilə bağlı qaydalar dəfələrlə dayişdirilir. Məsələn, əvvəl daha çox tələblər verilirdi, daha başqa formatda keçirilirdi. İndi ildən-ilə müəyyən ekspertlərin fikirləri ilə, müəyyən məsələlərlə bağlı o sahədə müəyyən təkmilləşdirmələr aparılır”.

Ekspert qeyd edib ki, son qəbul imtahanındakı narazılıqlar dəyişikliklərə səbəb oldu:

“Məsələn bu son qəbul ilə bağlı çox böyük narazılıqlar əmələ gəldi. 60 sualı 90 dəqiqədə cavablandırmaq məsələsində. Görürsünüz, bu heç məntiqə sığan məsələ deyil. Bu müəllim gərək sualları oxuyub, hərəsinə 2-3 dəqiqə fikirləşə. Nə olar ki, müəlimə şərait yaradılsın ki, o arxayın şəkildə fikirləşsin, düşünsün və imtahanını verə bilsin. Bu narazılıqlar, etirazlar ona gətirib çıxardı ki, növbəti qaydalarda bu nəzərə alındı. Nəzərə alındı ki, artıq 90 dəqiqə deyil, 1 saat 20 dəqiqə vaxt verilir”.

Nadir İsrafilovun sözlərinə görə, müəllimin təkcə ixtisasını bilməsi kifayət etmir:

“İxtisas fənninə daha çox sual qoyulur, metodikaya az qoyulur, az diqqət yetirilir. Mən elə hesab edirəm ki, növbəti dəyişikliklər zamanı metodikanın da ixtisasla bərabər tutulmasını nəzərə almalıdırlar. Fikrimcə, hətta metodika daha vacibdir. Çünki ixtisasca tarixçidirsə, tarixi yaxşı bilər, fizikdirsə, fizikanı lap yüksək səviyyədə bilər, amma metodikanı bilməmək, onun o ixtisası necə çatdırmasına şübhəsiz ki, təsirsiz ötüşmür. Deyək ki, filankəs tarix və ya riyaziyyat, fizika üzrə bitirib bu olur tarixçi, riyaziyyatçı, fizik. İxtisas nə sualına cavab verirsə, metodika necə sualına cavab verir. Nəyi necə çatdırmaq, metodika ilə bağlı məsələdir”.

Müsahibimiz bildirdi ki, kurikulum meydana gələndən narazılıqlar bitmir:

“Müsahibə zamanı psixoloji məqamlara xüsusi diqqət yetirməsi və s. bu istiqamətdə yəqin ki, işlər gedir. Bundan sonra da getməlidir. Dövr, zaman keçdikcə qəbul qaydaları da təkmilləşməyə məruz qalır və bundan sonra da çox güman ki, yenilənəcək, təkmilləşəcək. Kurikulum meydana gələndən onunla bağlı narazılıqlar olub, istər müəllimlər, istər şagirdlər tərəfindən. Çünki biz bu kurikulumlara keçəndə tələskənliyə yol verdik. Bununla bağlı müəyyən izahat işləri aparılmadı, bir çoxları tərəfindən elə bu günün özündə də başa düşülməz olaraq qalır.

Burada söhbət sadəcə müəllimlərin işə qəbulundan getmir. Testlə bağlı uzun illərdir mübahisələr səngimir. Bu günün özündə də mübahisə gedir. Təkcə müəllimlərin işə qəbulu deyil, tələbə qəbulunda da problem var. Test əzbərçilik yaradır. Hansısa müəllim nə nə vaxt, necə olub, onu əzbərləməklə müəllim ola bilməz. Tələbə qəbulunda da əzbərçiliyə xidmət edən qapalı testlərlə yanaşı açıq testlərin sayı artırılır. Yazılı şəkildə də fikrini bildirməlidir. 1991-ci ildən test sisteminə keçdik. Məlum oldu ki, əzbərçilikdir. Nitq bacarıqları, qabiliyyəti itib getdi. Ona görə də bu saat ali məktəblərin böyük əksəriyyətində test tətbiq olunmur. Böyük əksəriyyətində də testlə yanaşı yazılı, şifahi imtahanlar keçirilir. Ona görə də bu məsələyə yanaşma birtərəfli ola bilməz. Test özü bilik, bacarıq, vərdişlərin birtərəfli üzə çıxarılmasına səbəb olur. Müsahibə mərhələsi elə ona görədir ki, müəllimə xas olan xüsusiyyətləri, bacarıqları üzə çıxarmağa xidmət edir. Mən hesab edirəm ki, təkmilləşmələr davam edəcək”.

Təhsil eksperti sonda qeyd etdi ki, kurikulum sistemi də ləğv olunacaq, lakin zaman lazımdır:

“Gec-tez ləğv olunacaq. Neçə illərdir bu tətbiq edilir. Yazı vərdişlərini inkişaf etdirmək üçün 9-cu sinifdə esse yazı tətbiq etdik, yazılı imtahan və bunun nəticələri çox aşağı oldu. Ona görə ki, bu uşaqlar 30 il testlə gəlib birdən yazıya keçiblər. Bu yazı qabiliyyəti, vərdişlərinə uyğunlaşmaq çətindir. Ona görə hər məsələyə giriş də, çıxış da mərhələli şəkildə olmalıdır. Birdən-birə səhər kurikulumla bağlı testləri ləğv edib, başqa modelə keçə bilməırik. Tələbə qəbulunda da görürsünüz hər imtahan modeli yeniləşəndə, dəyişəndə mütləq göstəricilər aşağı düşür. Çünki yeni modelə adaptasiya olmaq bir az problemlər yaradır. Ona görə də bu məsələ tədricən, mərhələli şəkildə həyata keçirilməlidir. Birdən birə duraq deyək ki, bunu çıxarıb digərini salırıq, belə olmaz. Yəni bunu vəziyyətə uyğun zaman özü tənzimləyəcək”.

Zərif ÜLVİQIZI