Nazir Azərbaycanda tam yararlı olmayan məktəb binalarının sayını açıqladı

 14:28 21.04.2022     456

"Azərbaycanın bütün şəhərlərində və rayonlarında tam yararlı olmayan məktəb binaları var. Bu binaların sayı təxminən 900-ə yaxındır”.

Redaktor.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev bildirib. Onun sözlərinə görə, bu məktəblərin bəzilərinin əsaslı təmirə, bəzilərinin qəzalı olduğu üçün sökülüb-tikilməyə ehtiyacı var:

“Ümumilikdə Təhsil Nazirliyi tərəfindən bunun planlı şəkildə araşdırılması aparılır. Bütün məktəblərin eyni ildə, eyni anda düzəldilməsi mümkün deyil, maliyyə yükü böyükdür. Bu yalnız addım-addım ola bilər. Dövlət başçısının müvafiq Sərəncamları və tapşırıqları ilə Azərbaycanda hər il təxminən 100-ə qədər yeni məktəb istifadəyə verilir. Heydər Əliyev Fondu tərəfindən də məktəblər tikilir”.

Nazir deyib ki, Azərbaycanda 4400 məktəb var:

“Bu işləri mərhələli şəkildə həll edirik. Yaxşı xəbər budur ki, hər 4 məktəbdən 3-ü təhsilə yararlı vəziyyətdədir. Təhsil Nazirliyi olaraq əsas gözləntimiz bu məktəblərdə ən azı təhsilin keyfiyyəti ilə bağlı müəllimlərin, məktəb direktorlarının işini təkmilləşdirməsi və ortaya nəticə qoymasıdır” (apa).

Vumart və Güvən reklamı Vumart Güvən