Xaricdə yaşayan azərbaycanlı alimlərin forumunun keçirilməsi müzakirə olundu - FOTO

 18:56 26.04.2022     3110

Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) sədri Fuad Muradov Dünya Azərbaycanlılarının V Qurultayında iştirak etmiş müxtəlif ölkələrdə yaşayan bir qrup azərbaycanlı elm xadimi ilə görüşüb.

Redaktor.az xəbər verir ki, Türkiyə, ABŞ, Yaponiya, Fransa, Almaniya, Estoniya, İsveç, Çin, Rusiya, Meksika, Misir, Myanma, Oman Sultanlığı və Qazaxıstandakı nüfuzlu elm və təhsil ocaqlarında fəaliyyət göstərən görüş iştirakçılarını salamlayan Komitə sədri cəmiyyətimizin fəxri olan azərbaycanlı alimlərin qurultayda iştirak etməsini yüksək qiymətləndirib.

Görüşdə xaricdəki azərbaycanlı alimlərin forumunun keçirilməsi məsələsi müzakirə olunub və bununla bağlı təşkilat komitəsinin yaradılması, xaricdə yaşayan alimlər arasında virtual əlaqə imkanlarının formalaşdırılması ətrafında geniş fikir mübadiləsi aparılıb.  

Görüş iştirakçıları forumun keçirilməsi təşəbbüsünü alqışlayıb, diaspor quruculuğunda azərbaycanlı alimlərin yaxından iştirakının, elm xadimlərinin gücünün birləşdirilməsinin, bilik və təcrübələrinin bölüşdürülməsinin dövlətimizin milli maraqlarına böyük töhfə verəcəyini diqqətə çatdırıblar.

Müzakirələr əsnasında elmidiaspor.az və dünya azərbaycanlılarının bioqrafiya bankı olan azerbaycan.li saytının fəaliyyəti, DİDK-nın bu istiqamətdə həyata keçirdiyi digər layihələrə də diqqət çəkilib.

22