"Bütün valideynləri tutub həbs etməyəcəksən ki..." - Deputatdan REAKSİYA

 09:19 29.04.2022     347

"Qəribə ağıl dağarcıqları peyda olub. Özəl qız məktəblərinin açılması təklifini nəzərdə tutaraq deyirlər ki, bizi əsrin əvvəllərinə qaytarmaq istəyirlər. Guya əsrin əvvəllərindən çox irəlidədirlər. Axundov plankasını keçən filisof, Üzeyir plankasını keçən bəstəkar, Cavid plankasını keçən şair yetişdirməmisən, o halda niyə qayıdasan ötən əsrlərə, elə başınızı bu əsrdə girələyin getsin də...".

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa peşə təhsili yönümlü qızlar üçün özəl məktəblərin açılması təklifinə qarşı sosial şəbəkələrdəki tənqidlərə münasibət bildirərkən deyib.

"XXI əsrdə məktəbdən kənarda qalan qızların statistikasını bölgələr üzrə öyrənin, sonra ağıllı-ağıllı danışarsınız. Bu sadəcə hansısa səbəblərdən məktəbdən uzaqlaşdırılan qızların təhsil alması üçün vacibdir. Bakının kəndləri var ki, bəlli bir yaşdan sonra qızları oxumağa qoymurlar. Bütün valideynləri tutub həbs etməyəcəksən ki... Bəhanəni kəsmək lazım. Ölkədə 4-5 ədəd yataqxanası olan, ancaq dünyəvi və ağırliqlı olaraq peşə təhsili yönümlü qızlar üçün alternativ özəl məktəbdən söhbət gedir. Mövcud məktəb sisteminə isə ümumiyyətlə toxunulmur. Deyə bildimmi?", - deyə millət vəkili bildirib.

T.İSMAYIL