"Georgi lenti" etiraza səbəb oldu - Deputat: "Biz, Azərbaycanda yaşayırıq"

 13:27 07.05.2022     844

Bakıda 164 nömrəli orta məktəbdə keçirilən 9 May – Qələbə Günü tədbiri müzakirələrə səbəb olub. Belə ki, tədbirdə iştirak edən şagirdlərin yaxasına Rusiya imperiyasının simvolu olan “Georgi lenti” yapışdırılıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov məsələdən məlumatlı olduqlarını, bu barədə araşdırma aparıldığını bildirib.

Xatırladaq ki, “Georgi lenti” Rusiyanın imperiya simvollarından biri hesab edilir. 1769-cu ildə imperatriça II Yekaterina tərəfindən təsis olunub və Rusiya üçün qəhrəmancasına savaşan rus əsgərlərinə verilən mükafatlar onun üzərinə vurularaq, təqdim olunurdu. Hazırda isə "Georgi lenti" Rusiyanın şovinist, "velikorus" və neofaşist gənclər təşkilatının, bir sıra siyasi partiyaların simvolu kimi istifadə olunur. 

Göründüyü kimi, "Georgi lenti"nin 9 May Qələbə Gününə heç bir aidiyyəti yoxdur. 
Bəs o zaman Azərbaycan məktəbində şagirdlərin yaxasına rus imperiyasının simvolu niyə taxılır? Bu tədbiri keçirən məktəbin və direktor Kəmalə Qədirovanın məqsədi nədir?

Mövzu barədə Redaktor.az-a açıqlama verən deputat Ceyhun Məmmədov dedi ki, həmin lentin rəmzi mənası var:
“Bu məsələ ilə bağlı dünən Bakı şəhər Təhsil İdarəsi də məlumat yaydı. Mediaya bu barədə geniş və ətraflı məlumat veriləcək. Əgər belə bir hal varsa, əlbəttə ki, bu, qəbuledilməzdir. Çünki biz bilirik ki, o lentin özünün sırf rəmzi mənası var. Biz, Azərbaycanda yaşayırıq. Azərbaycanda da Azərbaycan rəmzlərindən istifadə edilməlidir. Azərbaycançılıq təbliğ olunmalıdır. O baxımdan əgər bu fakt təsdiqlənərsə, hesab edirəm ki, yolverilməzdir, qəbuledilməzdir”.

Millət vəkili bildirdi ki, Təhsil Nazirliyi bu məsələ ilə bağlı lazımi addımları atacaq:
“Belə halların baş verməməsi üçün hər kəs daha diqqətli və məsuliyyətli olmalıdır. Bizim vətəndaşlar, məktəblilər, məktəb direktorları da çalışmalıdılar ki, belə hallar birmənalı olaraq olmasın və baş verməsin. Bütün hallarda hesab edirəm ki, rəsmi qurumların açıqlamalarını gözləməliyik. Əgər belə bir fakt təsdiqlənərsə, heç şübhəsiz ki, həm Təhsil Nazirliyi, həm dövlət qurumları mütləq ciddi addımlar atacaq və müvafiq qərarlar qəbul edəcəklər. Öncə biz məsələnin rəsmi tərəfini gözləməliyik. Təsdiqləndiyi təqdirdə də hesab edirəm ki, bununla bağlı addımlar atılmalıdır və müvafiq tədbirlər görülməlidir”.  

Zərif Ülviqızı