"İbtidai siniflərdə tarix dərsləri keçirilə bilər” - Təhsil komitəsinin sədr müavini

 14:40 10.05.2022     1451

Rusiya Təhsil Nazirliyi orta məktəblərin birinci sinfindən etibarən tarix fənninin öyrədilməsini tətbiq edəcək. Hazırda Rusiyanın orta məktəblərində tarix fənninin tədrisi beşinci sinifdən etibarən keçirilir.

Xatırladaq ki, Ukraynada hərbi əməliyyatlar başlayandan sonra Rusiya məktəblərində xüsusi tarix dərsi tədris olunub, Təhsil Nazirliyi müəllimləri müvafiq dərs vəsaitləri ilə təmin edib.

Bəs Azərbaycanda tarix fənninin birinci sinifdən tədrisinə ehtiyac varmı?

Mövzu barədə Redaktor.az-a açıqlama verən tarixçi alim, Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini, AMEA-nın Qafqazşünaslıq İnstitutunun direktoru Musa Qasımlı dedi ki, ibtidai sinifdə tarix fənni keçirilməsi düşünülə bilər:

“Bizim təhsil sistemimiz müstəqildir, millidir. Eyni zamanda, dünyanın qabaqcıl təhsil sistemləri ilə geniş əlaqələri var. Hər hansı bir ölkədə təhsillə bağlı qəbul edilən qərarlar onların özlərinin daxili işidir. Azərbaycan milli təhsil sistemini qurub, onu daim təkmilləşdirir, islahatlar aparır. Tarix fənni xüsusi qavrama tələb edir. Görünür zaman-zaman ibtidai siniflərimizdə tarix dərslərinin keçirilməsi barədə düşünməyə dəyər”.

Tarixçi alim bildirdi ki, Azərbaycanda birinci sinifdən bu fənni keçmək isə düzgün deyil:

“Əlbəttə ibtidai siniflər üçün yazılan tarix dərslikləri daha çox rəvayət, hekayə tarixçiliyi özündə əks etdirər. Çünki ibtidai sinif şagirdlərinin tarixi hadisə və prosesləri dərk etmək, qiymətləndirmək və nəticə çıxarmaq imkanları çox deyil. Onlarda tarixə həvəsi oyatmaq üçün ilk növbədə rəvayətçilik, hekayətçilik tarixini öyrətməkdə fayda var. O ki, qaldı birinci sinif şagirdlərinə, hesab edirəm ki, indiki şəraitdə birinci sinif şagirdlərinə tarix dərsi keçmək çoxlu suallar yaradar”.

Zərif Ülviqızı