Azərbaycanlı şagirdlər ABŞ-dan medal və sertifikatla döndülər - FOTO
“Sabahın alimləri” XI respublika müsabiqəsinin qalibi olan 12 şagird ölkəmizi ABŞ-ın Corciya ştatının Atlanta şəhərində keçirilən ISEF – Beynəlxalq Elm və Mühəndislik Sərgisində təmsil edib.
Bakı Dövlət Universiteti (BDU) nəzdində “Gənc istedadlar” liseyinin şagirdləri Ərhan İbrahimli, Ayaz Ömərli, Nigar Namazova və Lalə Hüseynova, Bakı şəhəri Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin şagirdləri Leyla Abbasova, Nigar Mirzəli, Gəncə şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin şagirdi Özləm Əhmədli, Bakı Avropa Liseyinin şagirdləri Solmaz Qəribova, Xavər Aslanova, Səməd Əlizadə, Bakı şəhəri Məktəb Lisey Kompleksinin şagirdi Nilgün Məmmədli, Bakı şəhəri Dünya Məktəbinin şagirdi Cavad Aslanov riyaziyyat, fizika və astronomiya, biologiya, tibb və sağlamlıq, ekologiya və ətraf mühitin idarə olunması, mühəndislik və kompüter elmləri üzrə elmi rəhbər və mütəxəssis alimin rəhbərliyi ilə hazırladıqları elmi-tədqiqat işlərini dünyanın 85 ölkəsindən qatılmış şagirdlərlə birgə təqdim ediblər.
Redaktor.az xəbər verir ki, müsabiqədə ümumilikdə 7 layihə ilə təmsil olunan 12 şagird ölkəmizi layiqincə təmsil edib və ISEF – Beynəlxalq Elm və Mühəndislik Sərgisinin sertifikatı və medalına layiq görülüblər.
Qeyd edək ki, Təhsil Nazirliyinin əsas təşkilatçılığı ilə 2012-ci ildən etibarən keçirilən müsabiqəyə ölkə miqyasında maraq ildən-ilə artmaqdadır. Müsabiqənin keçirilməsində məqsəd ölkəmizdə fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin IX-XI siniflərində təhsil alan şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması, elmi tədqiqat işinə meyli olan istedadlı şagirdlərin aşkar edilməsi, həmçinin yüksək elmi tədqiqat nəticələri əldə etmiş Azərbaycan məktəblilərinin seçilərək ABŞ-da keçirilən İSEF – Beynəlxalq Elm və Mühəndislik Sərgisinə göndərilməsidir.






















