Təhsil Nazirliyi Şabranda körpələr evi-uşaq bağçasını NƏZARƏTƏ GÖTÜRDÜ
Şabran şəhər 1 saylı körpələr evi-uşaq bağçası ilə bağlı sosial mediada yayılan məlumata əsasən bildiririk ki, hazırda məsələ araşdırılır.
Redaktor.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov deyib.
Onun sözlərinə görə, araşdırmanın nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Qeyd edək ki, sosial şəbəkələrdə Şabran şəhər 1 saylı uşaq bağçasında körpələrə verilən qidalarının az və keyfiyyətsiz olduğunu əks etdirən görüntülər istifadəçilər tərəfindən tənqid olunub.
Məsələ ilə bağlı Modern.az-a danışan Şabran şəhər 1 saylı uşaq bağçasının direktoru Lalə Qədəşova bildirib ki, həmin fotolar gerçəyi əks etdirmir və böhtan xarakteri daşıyır.
Direktor bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcəyini qeyd edib. L.Qədəşova bu qərəzli addımları atanın kimliyini də açıqlayıb:
“Bunu edən bağçanın tərbiyəçisidir. O da digər tərbiyəçiləri ətrafına toplayaraq, əleyhimə olan addımlar atır. Onlar nə qədər çalışsalar da, öz istəklərinə nail ola bilməyəcəklər. İnanmayanlar valideynlərdən, körpələrdən də xəbər ala bilər. Mən özümə, işimə arxayınam”.
Çünki bizim bağçada hər şey qayda-qanun çərçivəsindədir. Hətta Azərbaycan Qida Təhlükəsizliyinin əməkdaşı da bizim bağçada olub və qida ilə bağlı ciddi nöqsanlar aşkarlanmayıb. Ona görə də pislik etməyə çalışanlar, özlərini yormasınlar”.












